Newscenter.az.5.11.2021. Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə Hacıqabul rayonu ərazisində “Təkrar şəkər çuğunduru əkinlərinin üstünlükləri” mövzusunda tarla seminarı keçirilib. Tədbirdə Kənd Təsərrüfatı Nazirliyi Aparatının rəhbəri Rafail Quliyev, Kənd təsərrüfatı nazirinin müşaviri Şöhrət Vəkilov, Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri İmran Cümşüdov, həmçinin Hacıqabul, Beyləqan, Füzuli, Ağcabədi, Bərdə, Ağdam və Tərtər rayonlarının Dövlət Aqrar İnkişaf Mərkəzlərinin rəhbərləri və fermerlər iştirak edib.
Newscenter.az xəbər verir ki, seminarda bildirilib ki, respublika üzrə 2021-ci ildə şəkər çuğundurunun əkin sahəsinin ümumilikdə 5214 hektar təşkil edib, avqust ayından başlayan və hazırda davam etməkdə olan yığım prosesində 4250 hektar sahədə yığım prosesi başa çatıb və ümumilikdə 147453 ton şəkər çuğunduru tədarük edilib. Orta məhsuldarlıq göstəricisi 34,7 t/ha, şəkərlilik göstəricisi 14, 65% təşkil edib. Yığım prosesi tam başa çatdıqdan sonra ümumi istehsalın 182000 ton təşkil edəcəyi gözlənilir.
Seminarda arpa biçinindən sonra həmin sahədə şəkər çuğundurunun əkilməsi ilə təkrar əkin sisteminin tətbiqi, torpaqdan istifadə səmərəliliyinin artırılması, bitkilərin növbələşməsi ilə torpağın strukturunun yaxşılaşdırılması, xəstəlik və zərərvericilərə sirayətlənmənin kəskin azalması nəticəsində onlara qarşı pestisidlərdən istifadənin minimum səviyyəyə endirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Bildirilib ki, əlavə torpaq resursları cəlb etmədən eyni sahədə təkrar əkinin həyata keçirilməsi ölkədə çuğundur istehsalının artmasına imkan yaratmaqla yanaşı, həm də fermerlərin gəlirlərinin nəzərəçarpacaq dərəcədə artmasına xidmət edir. Bu üsulla əkilmiş şəkər çuğunduru sahələrində suya tam qənaət olunur.
Tədbirin sonunda tətbiq edilən qabaqcıl təcrübənin yayılması istiqamətində fermerlər və DAİM-in nümayəndələri arasında qarşılıqlı fikir mübadiləsi aparılıb, fermerlərin sualları cavablandırılıb.
Sevinc