Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Misirdəki diaspor mərkəzində Zəfər Günü münasibətilə tədbir keçirilib



Newscenter.az.5.11.2021. “Vətənpərvər” Misirdəki Diaspor Təşkilatları Birliyinin təşkilatçılığı ilə bu ölkədəki diaspor mərkəzində 8 Noyabr – Zəfər Günü münasibətilə tədbir keçirilib.

Newscenter.az xəbər verir ki, ölkəmizin Misirdəki səfirliyinin əməkdaşlarının, diaspor nümayəndələrinin və Qahirədə təhsil alan azərbaycanlı və misirli tələbələrin iştirakı ilə keçirilən tədbirdə canlarını ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda qurban vermiş şəhidlərimizin müqəddəs ruhları bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri açan “Vətənpərvər” Misirdəki Diaspor Təşkilatları Birliyinin sədri, tədqiqatçı-alim Seymur Nəsirov soydaşlarımızı Azərbaycanın tarixinə qızıl hərflərlə yazılmış Zəfər Günü münasibəti ilə təbrik edib. O qeyd edib ki, Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin müdrik siyasəti və şanlı Ordumuzun rəşadəti sayəsində qazanılmış böyük Zəfər nəticəsində bütün dünyada yaşayan azərbaycanlılar kimi, Misirdəki soydaşlarımız da qalib xalqın nümayəndələri kimi qürur hissi keçirirlər. Diaspor sədri 44 günlük müharibə zamanı təşkilatın üzvlərinin Azərbaycanın haqq səsini ərəbdilli ictimaiyyətə çatdırılması istiqamətində fəaliyyətindən, yerli mətbuatda və sosial şəbəkələrdə düşmənin yalan təbliğatının ifşası istiqamətində görülmüş işlərdən bəhs edib. S.Nəsirov diqqətə çatdırıb ki, Misirin nüfuzlu ictimai-siyasi xadimlərinin təsis etdikləri Misir-Azərbaycan Dostluq Cəmiyyəti ötən il şanlı Qələbə münasibətilə və bu günlərdə Zəfər Günü ilə əlaqədar Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Tədbirdə çıxış edən ölkəmizin Misirdəki səfirliyinin ikinci katibi Emil Rəhimov səfir Tural Rzayevin diaspor üzvlərinə təbrikini çatdırıb, Vətən müharibəsi günlərində diplomatik nümayəndəliyimizin və diaspor təşkilatının Azərbaycan həqiqətlərinin ərəb ölkələrinin ictimaiyyətinə çatdırılması, Ermənistanın yalan maşınının ifşası istiqamətində birgə fəaliyyətindən danışıb. O, həmçinin Qələbədən sonra işğaldan azad edilmiş torpaqlarımızda aparılan bərpa-quruculuq işləri haqqında da tədbir iştirakçılarına ətraflı məlumat verib.

Sonra Azərbaycan diaspor mərkəzində fəaliyyət göstərən Azərbaycan dili kurslarının müdavimləri Qarabağa və Azərbaycana həsr olunmuş şeirlər söyləyib, səhnəcik nümayiş etdiriblər.

Tədbirdə, həmçinin azərbaycanlı ailələrin uşaqları tərəfindən Qarabağ və Vətən müharibəsi mövzularında çəkilmiş rəsmlərə baxış olub, balacalara diaspor mərkəzinin hədiyyələri təqdim edilib.
Xəbəri paylaş