Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İstanbulda Beynəlxalq Türk Akademiyasının Elmi Şurasının IV İclası keçirilib



Newscenter.az.5.11.2021. Bu gün İstanbulda Beynəlxalq Türk Akademiyasının Elmi Şurasının IV İclası keçirilib. Tədbirdə Akademiyanın prezidenti Darxan Kıdırali, Azərbaycanın təhsil naziri Emin Amrullayev, Qazaxıstanın təhsil və elm naziri Asxat Aymaqambetov, Qırğız Respublikasının təhsil və elm naziri Bolotbek Kupeşev, Türkiyənin milli təhsil naziri Mahmut Özer, Özbəkistan təhsil nazirinin müavini Temircon Kamilov, Türkiyə Ali Təhsil Şurasının (YÖK) sədri Erol Özvar və Macarıstanın İstanbuldakı baş konsulu Laszlo Keller iştirak ediblər.

İclası açan Türkiyənin milli təhsil naziri Mahmud Özer akademiyanın fəaliyyətini yüksək qiymətləndirib. Nazir bildirib ki, Beynəlxalq Türk Akademiyası yarandığı gündən türk dünyasının önəmli ortaq təşkilatlarından biri kimi beynəlxalq tərəfdaşlıqlar və həyata keçirdiyi layihələr vasitəsilə türk dünyasının zəngin elmi, mənəvi xəzinəsinin bütün dünyaya çatdırılması istiqamətində fəaliyyət göstərir. Nazir, Türkiyə tərəfinin Beynəlxalq Türk Akademiyasının dil, tarix və mədəniyyət birliyinə malik türk xalqları arasında qardaşlıq hisslərinin gücləndirilməsi istiqamətində səylərini alqışladığını, bu istiqamətdə hər cür dəstəyə hazır olduğunu bildirib.

Beynlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırali Elmi Şuranın IV İclasına yüksək səviyyədə ev sahibliyi üçün Türkiyə tərəfinə təşəkkür edib və təşkilatın fəaliyyəti, eyni zamanda görülən işlər barədə məlumat verib. O qeyd edib ki, pandemiyanın yaratdığı problemlərə və maliyyə çətinliklərinə baxmayaraq, keçən illə müqayisədə həyata keçirilən tədbirlərin və layihələrin sayı iki dəfə artıb. Bu yolla büdcəyə qənaət olunub, az büdcə ilə daha çox layihə həyata keçirilib. Elmi Şuranın Bakıda keçirilən son toplantısından bu yana Akademiya 130-dan çox tədbir və layihə həyata keçirib və ya iştirakçısı olub.

Azərbaycanın təhsil naziri Emin Əmrullayev deyib ki, qlobal və regional çətinliklərin bol olduğu dövrə baxmayaraq, Beynəlxalq Türk Akademiyası bu çətin zamanda üzv dövlətlər arasında elm və təhsil sahəsində əməkdaşlığın inkişaf etdirilməsinə töhfə verməklə yanaşı xalqlarımız arasında sıx bağların qorunub saxlanılmasına, həmrəyliyin gücləndirilməsinə səbəb olub. Təşkilat ötən müddət ərzində fəaliyyətini uğurla davam etdirib, bir sıra istiqamətlər üzrə diqqətçəkən nəticələr əldə edib.

Nazir Akademiyanın hazırladığı “Ortaq Türk Tarixi” dərsliyinin 2019-2020-ci tədris ilindən etibarən Azərbaycanın 151 ümumi təhsil müəssisəsində fakultativ fənn kimi 8-ci siniflərdə oxuyan 14 min şagirdə tədris olunduğunu, tarix dərsliyində olduğu kimi “Ortaq Türk ədəbiyyatı” və “Türk dünyası coğrafiyası” dərsliklərinin də tez bir zamanda üzv ölkələrin tədris proqramına daxil ediləcəyinə ümid etdiyini bildirib.

Qazaxıstanın elm və təhsil naziri Asxat Aymaqambetov Akademiyanın uğurlu fəaliyyətini vurğulayıb və ölkəsinin təşkilatı yeni müstəqil bina ilə təmin etdiyini bildirib.

Qırğızıstanın təhsil və elm naziri B. Kupeşev deyib ki, on ildən artıqdır Akademiya öz missiyasını layiqincə yerinə yetirir, müəllim və alimlərə xalqlarımızın tarixi, dili və mədəniyyəti sahəsində problemlərin birgə həlli üçün elmi əlaqələri inkişaf etdirməyə imkan yaradır. Nazir Türk dünyasının dahi şəxsiyyətlərinin yubileylərinin Akademiya tərəfindən ortaq tədbilərlə təşkilini yüksək qiymətləndirib.

Macarıstanın İstanbuldakı Baş konsulu Laszlo Keller türk dünyasının ortaq dəyərlərin, xüsusilə macar tarixi və mədəniyyətinin tədqiqi və təbliğindəki xidmətlərindən məmnuniyyət ifadə edib.

Türkiyə Ali Təhsil Qurumunun sədri Erol Özvar isə türk dünyasında elm və təhsil sahəsində işbirliyində Akademiyanın səmərəli fəaliyyətinə diqqət çəkib və onun çoxşaxəli fəaliyyətinin dəstəklənməsinin önəmini vurğulayıb.

Özbəkistan təhsil nazirinin müavini Temircon Kamilov də ölkəsinin Akademiyanın fəaliyyətini yaxından izlədiyini qeyd edib və elm, təhsil sahəsində əməkdaşlıdqa maraqlı olduğunu bildirib.

Qeyd edək ki, Elmi Şura üzvləri bir sıra məsələlərlə bağlı konkret qərarlar qəbul ediblər. O cümlədən, türk dünyasının önəmli şəxsiyyətlərinin yubileylərinin siyahısı, təhsil və elm sahəsində əməkdaşlığın gücləndirilməsi məsələləri, elmi-tədqiqat layihələri müzakirə edilib və prioritetlər təsdiq edilib.

Mehman
Xəbəri paylaş