Newscenter.az.7.11.2921. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 7-də Şuşada Daşaltı məscidinin təməlini qoyublar.
Newscenter.az xəbər verir ki, azad edilmiş ərazilərimizdə işğal dövründə düşmən tərəfindən dağıdılmış dini-mənəvi abidələrimiz bərpa olunur və yeniləri tikilir. Zəfər Günü ərəfəsində belə bir addımı atmaqla Prezident İlham Əliyev dünyaya növbəti mesajı verir: Biz nəinki torpaqlarımızı abadlaşdırır, keçmiş məcburi köçkünlərimizi geri qayıtmaq üçün müasir infrastruktur yaradır, həm də ermənilərin bu torpaqlarda dini-mədəni abidələrə qarşı həyata keçirdiyi vandallığın izlərini təmizləyir, müqəddəs dəyərlərimizə sahib çıxırıq.
XXX
Noyabrın 7-də Şuşa Rayon Mərkəzi Xəstəxanasının təməli qoyulub.
Newscenter.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva təməlqoyma mərasimində iştirak ediblər.
Ən müasir tibbi avadanlıqla təchiz ediləcək xəstəxanada müayinə və müalicə işinin aparılması üçün hər cür şərait yaradılacaq.
Əhalinin sağlamlığı daim dövlətimizin başçısının diqqət mərkəzindədir. Bu baxımdan işğaldan azad edilən ərazilərdə də tibb və səhiyyə xidmətlərinin təşkili və həyata keçirilməsi üçün qısa bir müddətdə genişmiqyaslı işlər həyata keçirilir.
Təməli qoyulan Şuşa Rayon Mərkəzi Xəstəxanası burada yaşayacaq əhalinin tibbi təminatı və sağlamlığının qorunması istiqamətində Prezident İlham Əliyevin birbaşa göstərişi və rəhbərliyi ilə icra olunan infrastruktur layihələrindən biridir. Bu, həm də onu göstərir ki, azad edilmiş digər ərazilərdə olduğu kimi, Şuşada da səhiyyə ocaqlarının inşası dövlətimiz üçün prioritet məsələlərdəndir.
XXX
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 7-də Şuşa Radio-Televiziya Yayım Stansiyasının təməlqoyma mərasimində iştirak ediblər.
Newscenter.az xəbər verir ki, dövlətimizin başçısına və birinci xanıma təməli qoyulan Şuşa Radio-Televiziya Yayım Stansiyası barədə məlumat verildi.
Qeyd edək ki, Şuşa Radio-Televiziya Yayım Stansiyası 1966-cı ildə inşa edilib. Sovet dönəmində radio-televiziya proqramları bu stansiya vasitəsilə Qarabağa və Naxçıvan Muxtar Respublikasına ötürülürdü. Şuşa işğal olunana qədər teleradio proqramlarının bu bölgələrə ötürülməsinə ermənilər hər vasitə ilə mane olurdular. Belə ki, stansiya dəfələrlə ermənilər tərəfindən ağır artilleriya atəşinə məruz qaldığından buradakı avadanlıqlar zədələnmişdi, texniki binada ciddi dağıntılar baş vermişdi. 1992-ci ildə Şuşa işğal olunduğu zaman stansiyanın fəaliyyəti nəzarətdən çıxmışdı.
Vətən müharibəsində əldə olunmuş Qələbədən sonra Şuşa Radio-Televiziya Yayım Stansiyasında ötən il dekabrın 31-dən radio-televiziya yayımlarının təşkili müvəqqəti bərpa edilib. Belə ki, stansiyadan yayımlanan 11 televiziya proqramının Şuşa, Xankəndi şəhərlərində və Xocalı, Ağdam, Bərdə rayonlarında, eləcə də ətraf yaşayış məntəqələrində yayımı təmin olunub. Layihəyə əsasən tikiləcək 130 metrlik metal qüllənin və texniki binanın inşası Azərbaycanın telekommunikasiya sisteminin inkişaf etdiyi ölkələrdən birinə çevrildiyinin daha bir sübutudur.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşa Radio-Televiziya Yayım Stansiyasının təməlini qoydular.
İnşa olunacaq yeni qüllə dayanıqlı və keyfiyyətli radio-televiziya yayımının təmin edilməsinə imkan verəcək. Şuşa və ətraf ərazilər keyfiyyətli radio-televiziya yayımları ilə təmin olunacaq.
XXX
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 7-də Şuşada Aşağı Gövhər Ağa məscidində Heydər Əliyev Fondu tərəfindən aparılan bərpa işləri ilə tanış olublar.
Newscenter.az xəbər verir ki, Prezidentin köməkçisi Anar Ələkbərov dövlətimizin başçısı İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya görülən işlərlə bağlı məlumat verdi.
Otuz ilə yaxın müddətdə Ermənistanın işğalı altında olan şəhər və rayonlarımız, oradakı yaşayış və inzibati binalar, bütün infrastruktur ermənilər tərəfindən dağıdılıb, təbii sərvətlərimiz talan edilib, bu ərazilərdəki dini, tarixi, mədəni abidələrimiz vandalizm aktlarına məruz qalıb. İşğal altında olan torpaqlarımız Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında qəhrəman əsgər və zabitlərimizin şücaəti sayəsində azad edildikdən sonra bu ərazilərdə geniş bərpa-quruculuq işlərinə başlanılıb. Bu çərçivədə Şuşa şəhərində Heydər Əliyev Fondu tərəfindən də bir sıra tarixi, mədəni abidələrin bərpası üzrə layihələr həyata keçirilir.
Şuşa şəhəri işğal altında olduğu müddətdə ermənilər tərəfindən dağıdılmış Aşağı Gövhər Ağa, Yuxarı Gövhər Ağa və Saatlı məscidləri ilkin layihəyə uyğun olaraq bərpa olunur. Hər üç məscid ölkə əhəmiyyətli tarixi-mədəniyyət abidələri siyahısındadır. Ötən bir il ərzində Azərbaycan, Avstriya, İtaliya, Latviya və Türkiyədən olan ekspertlər tərəfindən qeyd olunan məscidlərdə qiymətləndirmə işləri aparılıb, bərpa layihəsi işlənilib. Heydər Əliyev Fondu tarixi Yuxarı Gövhər Ağa məscidində bərpa işlərinin birinci mərhələsini artıq başa çatdırıb. Hazırda məsciddə ikinci mərhələ üzrə bərpa işləri aparılır. Bu mərhələdə məsciddə ilkin layihə qorunmaqla möhkəmləndirmə işləri həyata keçiriləcək, məscidin ərazisində olan və ermənilər tərəfindən dağıdılmış mədrəsə də bərpa ediləcək. Ən geniş bərpa işləri dağıntıların miqyasına uyğun olaraq, Aşağı Gövhər Ağa məscidində aparılacaq. Məscidlərin minarələri bərpa olunacaq, eləcə də dam və döşəmə örtükləri dəyişdiriləcək.
XXX
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 7-də Şuşada Mehmandarovların malikanə kompleksində aparılan bərpa işləri ilə tanış olublar.
Newscenter.az xəbər verir ki, dövlətimizin başçısına və birinci xanıma kompleksdə görülən işlər barədə məlumat verildi.
Bildirildi ki, işğal dövründə ermənilər Azərbaycanın bu ərazidə əsrlər boyu yaşayan böyük şəxsiyyətlərinin tarixi irsini məhv etməyə çalışıblar. Şuşadan Azərbaycan izinin silinməsi üçün tarixi-mədəni abidələri dağıdaraq milli dəyərlərimizə ciddi ziyan vurublar. Mehmandarovların da malikanəsi məhz bu çirkin niyyətlərin qurbanı olub.
Mühüm mədəni-tarixi memarlıq abidəsi olan Mehmandarovların malikanə kompleksində bərpa işlərini Heydər Əliyev Fondu aparır. Kompleksə məscid, kiçik və böyük yaşayış evləri daxildir. İşğal dövründə ciddi ziyan dəyən, ermənilər tərəfindən dağıntılara məruz qalan malikanə kompleksində mütəxəssislər qiymətləndirmə işləri aparıblar. Qiymətləndirmə işlərinə uyğun olaraq ilkin layihə əsasında bərpa işlərinə başlanılıb.