Newscenter.az.9.11.2021. Vətənimizin bütün yaşayış yerləri, şəhər və kəndlərinin hər qarış torpağı bizim üçün doğmadır. Hər birinin qəlbimizdə özünəməxsus yeri var. Şuşa isə ruhumuzun şəhəridir.Bu qədim şəhərin 28 ildən sonra - 2020-ci ilin 8 noyabr günü Azərbaycan Ordusunun Ali Baş Komandanı cənab İlham Əliyevin qətiyyəti, hünəri, əsgər və zabitlərimizin rəşadəti sayəsində düşməndən geri alınması ömrümüzün ən böyük bayramına çevrildi, qanı kəsilməyən yaralara məlhəm oldu. Şuşa həsrətimizə son qoyuldu....
Daha bir Səfər, daha bir Zəfər, daha bir Qalibiyyət…
Müzəffər Ali Baş Komandanın daha bir Fəthi, daha bir Şuşa Fəthi…
Daha bir Milli Qürur və İftixar hissi yaşadığımız gün…
2021-ci il 8 noyabr…
Qalib Sərkərdə-Ali Baş Komandan İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın Şuşaya tarixi səfəri…
8 noyabr 2020-ci ildən sonra nazlı dilbər Şuşamıza yenidən qovuşduğumuz, yenidən sahibləndiyimiz gün…
Azərbaycan Prezidenti bu gün bir daha Şuşaya qalib fateh kimi getdi. Öz varlığını, iradəsini, gücünü, qətiyyətini, ona məhəbbətlə dəstək verən xalqımızın vəhdətini, qələbəmizin sevincini Şuşaya ən qiymətli hədiyyə kimi apardı, arzularına yetişmiş, mənfur düşmənə qalib gəlmiş sərkərdə kimi!
Şuşanın azad edilməsi günü Ali Baş Komandanın rəhbərliyi ilə müzəffər Ordumuzun nail olduğu cox qürurverici hadisə və Azərbaycanın uğurlar siyahısına yazılan möhtəşəm Qələbəsidir. Torpaqlarımızın işğaldan azad edilməsi şanlı Ordumuzun gücü və xalqımızın səfərbərliyi hesabına baş tutdu. Bu böyük qələbənin arxasında qətiyyətli addımları və düzgün xarici siyasəti ilə bu nailiyyətlərə xalqının, Ordusunun imza atmasına səbəb olan ölkə Prezidenti Cənab İlham Əliyev durur.
Bu gün Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Şuşada hərbçilər qarşısındakı çıxışı zamanı dedi: "Biz bütün dünyaya göstərdik ki, kim kimdir. Bütün dünyaya göstərdik ki, biz böyük xalqıq. Xalqımızın böyüklüyünü müharibə dövründə və müharibədən sonrakı bir il ərzində göstərdik. Ermənilər bütün şəhərlərimizi yerlə-yeksan etdilər. Bu yerlərə səfər edən Azərbaycan vətəndaşları, xarici vətəndaşlar gedirlər, məəttəl qalırlar, dəhşətə gəlirlər ki, bu dərəcədə vandallıq ola bilərmi? Bu dərəcədə nifrət ola bilərmi? Bu dərəcədə barbarlıq ola bilərmi? Bunu işğal dövründə ermənilər törədiblər. Bütün binaları sökərək, talayaraq, hətta qəbir daşlarını Ermənistana apararaq bu vəhşiliyi törətdilər. Biz isə müharibə dövründə müharibə qanunlarına riayət etdik, müharibə qanunlarını pozmadıq, özümüzü ləyaqətlə apardıq, necə ki, həyatda və siyasətdə özümüzü ləyaqətlə aparırıq.
Zəfər Günü bizim bayramımızdır. Bu, Zəfər bayramıdır, bu, rəşadət bayramıdır, bu, ədalət bayramıdır, bu, milli qürur, milli ləyaqət bayramıdır. Biz öz ləyaqətimizi bərpa etdik. Bundan sonra müzəffər ölkə və qalib xalq kimi əbədi yaşayacağıq. Bundan sonra Qarabağda və Zəngəzurda əbədi yaşayacağıq".
Bu cıxış bir daha 28 illik işğaldan, ayrılıqdan, əzab və iztirablardan canımızda qalmış sıxıntıları tam qoparıb atdı. Azərbaycan xalqının hər bir nümayəndəsi tərəfindən Xilaskar, Qalib Sərkərdə adlandırılan Müzəffər Ali Baş Komandan İlham Əliyevin işğaldan azad edilmiş torpaqlarımıza qədəm qoyması və oradakı çıxışları zamanı dünyaya çatdırdığı mesajların hər biri Azərbaycan dövlətinin gücünü, qüvvətini bir daha ortaya qoyur.
Fikirlərimi Ulu Öndər Heydər Əliyevin tarixi müraciətində vurğuladığı kəlamı və bu dahi şəxsiyyətin siyasi varisi, layiqli davamçısı, Prezident İlham Əliyevin ifadəsi ilə bitirmək istərdim: "İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm".
"Mən bu gün, eyni zamanda, Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim...".
Dövlətçilik tariximizlə yanaşı, həm də dünyanın yeni tarixinə yazılan bu qalibiyyət simvolunda xalqımızın iki övladının - Ulu Öndər Heydər Əliyevin və Böyük Sərkərdə, Prezident İlham Əliyevin adlarının qızıl hərflərlə həkk olunması isə artıq danılmaz bir gerçəklikdir - ATA vəsiyyətinin və OĞUL vədinin yerinə yetirilməsi gerçəkliyi!
Azadlığın mübarək, Şuşa!
Bütövlüyün mübarək, Vətən!
Aygül Bağırova
YAP fəalı
Azərbaycan Jurnalistlər Birliyinin üzvü