Newscenter.az.10.11.2021. Vətən müharibəsində qazanılan Zəfərdən bir il keçir. Bu Zəfərə xalqımız 28 il yol gəlmişdi.
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev işğalçı Ermənistana da, dünyanın iri dövlətlərinə də, beynəlxalq təşkilatlara da bildirirdi ki, münaqişə danışıqlarla həll edilməsə onu Azərbaycan Ordusu döyüşlə həll edəcəkdir.
Ermənistan danışıqlardan yayınır, status-kvonu saxlamaq istəyir, yeni ərazilər işğal etmək məqsədi ilə işğal etdiyi ərazilərdən (aprel, 2016-cı il), dövlət sərhədlərindən (iyul, 2020-ci il) hücum edirdi. Bütün hücumların qarşısı qətiyyətlə alınırdı.
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı birləşmələrinin müxtəlif istiqamətlərdən hücumunun qarşısını Azərbaycan ordusunun hissələri qətiyyətlə aldı, Cənab Ali Baş Komandanın əmri ilə əks-hücum əməliyyatına başladı. Bu əməliyyat Vətən müharibəsi kimi davam etdirildi.
Bu müharibə dünya müharibələr tarixində olmuş müharibələrdən bir qədər fərqli müharibə idi. Bu müharibənin iştirakçısı təkcə Azərbaycan Ordusu deyildi, bu müharibənin iştirakçısı həm də xalqın ordusuna böyük, müqayisəyəgəlməz dəstəyi idi, xalqın Vətən sevgisi idi. Vətən müharibəsi başlayanda hamı döyüşlərə getmək istəyirdi.
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev Vətən müharibəsinin mahiyyətini dünya ictimaiyyətinin diqqətini çəkən gərəkli bir kəlamla ifadə etmişdi: “Biz haqlıyıq, biz öz torpağımızda vuruşuruq, öz torpağımızda şəhidlər veririk. Bizim savaşımız müqəddəs savaşdır!”. Bu kəlamların davamı daha düşündürücü kəlamlar olmuşdu: "Dünyada heç bir qüvvə bizi haqq yolundan döndərə bilməz. Dünyada heç bir ölkə bizim iradəmizə təsir edə bilməz. Biz haqq yolundayıq. Biz qalib gəlirik. Biz zəfər çalırıq və biz öz torpaqlarımızı geri alacağıq, ərazi bütövlüyümüzü bərpa edəcəyik".
Vətən müharibəsi belə başladı, belə davam edirdi. Azərbaycan Ordusu döyüşə-döyüşə düşmənin müdafiə sədlərini dağıdır, hərbçilərinin, muzdlularının döyüş əzmini qırır, mövqe qələbələri qazana-qazana irəliləyirdi.
Vətən müharibəsi beynəlxalq təşkilatların həll edə bilmədiyi, həll etmək istəmədiyi münaqişəni döyüşlə qətiyyətlə həll edirdi.
İlkin qələbələr Böyük Qələbənini başlanğıcı idi. Xalq həmin günün intizarındaydı. Ordumuz həmin günü tezləşdirmək, işğalı sonlandırmaq üçün qətiyyətlə döyüşürdü. Xarici mətbuatda dərc edilmiş bir informasiya dəfələrlə xatırlansa da yetərli deyil: “Belə döyüş, dövlət, Vətən sevgisi görən olubmu, demək çətindir. Dağ yuxarı, şəhidi çiynində, döyüşə-döyüşə qan-tər içində qalxırdı Azərbaycan ordusu. Nə yaralını, nə şəhidini əldən buraxmırdı. Nəfəs almadan Şuşaya çıxdılar”
Şuşa noyabrın 8-də işğaldan azad edildi.
Noyabrın 10-da Azərbaycan, Rusiya, Ermənistan arasında bağlanan üçtərəfli bəyanat imzalandı. Bu bəyanat Ermənistanın təslim aktı idi. Bəyanata görə Ermənistan qoşunlarını Ağdamdan, Kəlbəcərdən, Laçından qeyd-şərttsiz çıxartmalı idi.
Üçtərəfli Bəyanat status-kvonu dəyişdi. Azərbaycan Ordusunun qətiyyətli qələbələri düşməni tam sarsıtmışdı, bu sarsıntının davamı kimi düşmən nisbi qurtuluşu bu bəyanatı imzalamaqda görürdü.
Ali Baş Komandan İlham Əliyevin israrlı mövqeyi nəticəsində məğlub və çıxılmaz vəziyyətə düşən Ermənistan rəhbərliyi işğal edilmiş bütün torpaqlarımızdan qeyd-şərtsiz çıxmaq və bunun üçün çıxış qrafikini təqdim etməyə məcbur olmuşdu. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin dediyi kimi, “Azərbaycan Ermənistan qoşunlarının bütün ərazilərimizdən tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının qətnamələrini özü yerinə yetirdi və Azərbaycan müharibəyə son qoydu”, “Dağlıq Qarabağ yoxdur, status yoxdur”.
Vətən müharibəsində qazanılan Zəfər hərbi qələbə idi. Hələ Vətən müharibəsinə kimi dünyanın hərbi ekspertlərinin rəyinə görə Azərbaycan Ordusu dünyanın 50 ən güclü orduları sırasında idi. Vətən müharibəsindən sonra bu yerdə xeyli irəliləyiş olub, şübhəsiz. Bu qələbə siyasi baxımdan da çox dəyərlidir. Dünya dövlətləri bir daha əmin oldu ki, Azərbaycan güclü dövlətdir. Xarici ekspertlar Vətən müharibəsinin öyrənilməsini vacib hesab edirlər. Bu, Azərbaycana da, onun müzəffər ordusuna da böyük ehtiram deməkdir. Azərbaycanın əldə etdiyi qələbə və apardığı hərbi əməliyyatlar həm texniki imkanlar, əməliyyatların hazırlanması və icra edilməsi baxımından bütün dünyada öyrənilir. Yeni nəsil müharibə üsulunu nümayiş etdirmiş Silahlı Qüvvələrimizin təcrübəsi dünya ölkələri tərəfindən öyrənilir. Azərbaycan hərb tarixinə yenilik kimi düşən hərbi strategiyanı tətbiq etmişdi, ən müasir silahlardan istifadə etmişdi, minimal itkilər vermişdi, qısa müddətdə düşmənin bütün hərbi texnikasını məhv etmişdi.
Şuşada imzalanan “Şuşa Bəyannaməsi” də 10 noyabr tarixinin məntiqi davamıdır, onun mahiyyətini dövlətçilik baxımından tamamlayır; Azərbaycanla Türkiyə arasında qardaşlığın bəyannaməsi kimi tarixləşdi.
Üçtərəfli Bəyanat Naxçıvan Muxtar Respublikasının Azərbaycanın əsas hissəsi ilə əlaqəsinin yaradılmasını təsdiq edir. Azərbaycandan Naxçıvana nəqliyyat dəhlizi açılması böyük strateji əhəmiyyətə malikdir. İmzalanmış Bəyanata əsasən reallaşacaq kommunikasiya layihələri vasitəsilə Naxçıvan Muxtar Respublikasının Azərbaycanın əsas hissəsi ilə quru yollarla birləşdirməsi tarixi hadisə olacaqdır. Regionun inkişafına səbəb olacaq yeni nəqliyyat kommunikasiya infrastrukturunun yaradılması Azərbaycanın tarixi missiyasıdır. İlk dəfə olaraq Azərbaycanın əsas hissəsinin Ermənistan ərazisindən qısa yolla Naxçıvanla əlaqəsi yaradılır. Bu yolun təhlükəsizliyi Rusiya FTX-nın Sərhəd Xidməti tərəfindən təmin olunacaq. Bu da onu göstərir ki, Ermənistan bütün mənalarda müstəqil deyil. Hətta işğaldan azad olunan Azərbaycan ərazilərindən keçəcək dəhlizin təhlükəsizliyini Azərbaycan təmin elədiyi halda, Ermənistan öz ərazisində belə nəyəsə təminat vermək iqtidarına malik deyil.
Ermənistanın və onun havadarlarının işğala və tədricən Azərbaycan ərazilərinin ilhaqına əsaslanan planları alt-üst oldu. Regionda Azərbaycanın maraqlarına cavab verən yeni siyasi reallıq yarandı. Bu reallıq Azərbaycanın nüfuzunun yüksəlişinin reallığıdır. Üçtərəfli bəyanat Ermənistanın tam məğlubiyyəti sənədidir.
Səbinə Xasayeva-Milli Məclisin deputatı