Newscenter.az.10.11.2021. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin 44 günlük Vətən müharibəsindəki Qələbəyə həsr etdiyi “Zəfər arzuları” sosial aksiyası başa çatıb.
Newscenter.az-a Dövlət Komitəsindən bildirilib ki, aksiyanın məqsədi torpaqlarımızın işğaldan azad olunması, ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda ötən il aparılan Vətən müharibəsindəki möhtəşəm Zəfərin qazanılmasının mühüm amili kimi birliyimizi və həmrəyliyimizi bir daha nümayiş etdirmək, xalqımıza qürur və qələbə sevinci yaşadan Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, qəhrəman Azərbaycan Ordusuna, müharibə veteranlarına minnətdarlığımızı çatdırmaq, şəhidlərimizin ruhuna ehtiram bildirmək idi. Aksiya iştirakçıları onlara təqdim edilən kiçik ölçülü standart kağız parçalarına arzu və istəklərini yazaraq, iri lövhədə yalnız konturları görünən təsvirin üzərindəki xanalara yapışdırıblar. Sonda üçrəngli Dövlət bayrağımızın rənglərinə boyanmış “Dəmir yumruq” təsviri yaranıb.
Noyabrın 5-dən 9-na qədər davam edən aksiya paytaxtda gediş-gəlişin gur olduğu Dənizkənarı bulvarın bir neçə yerində və “Zəfər yarmarkası”nda keçirilib. “Dəmir yumruq” təsvirinin üzərinə hər gün yüzlərlə insan yığcam tərzdə öz ürək sözünü yazıb. Aksiyada tanınmış mədəniyyət və incəsənət xadimləri, ziyalılar, şəhid ailələrinin üzvləri, müharibə veteranları, ictimai fəallar, yerli sakinlər və xarici qonaqlar iştirak ediblər. Onların arasında arzularını Azərbaycan dili ilə yanaşı, ingilis, ərəb, türk, rus dillərində qeyd edənlər də olub.
“Zəfər arzuları”nda “Bizə bu zəfəri yaşadan şəhidlərimizin qarşısında baş əyirik. Allah Azərbaycan Ordusunun qorusun”, “Şəhidlərimizi qürurla anırıq. Borcunuz ödənməz Azərbaycan əsgəri”, “Var olsun, Azərbaycan əsgəri!”, “Qarabağ Azərbaycandır!”, “Şərqi Zəngəzur Azərbaycandır”, “Təşəkkürlər, Azərbaycan Ordusu” və digər bu kimi vətənpərvər ruhlu qeydlər çoxluq təşkil edib.
Tədbirdə iştirak edən ziyalılar Zəfər günü ərəfəsində belə bir tədbirin təşkil edilməsini gözəl təşəbbüs adlandırıb.
“Zəfər arzuları” lövhəsinin, üzərindəki qeydlərlə birlikdə, Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi zəfərin nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Bakı şəhərində yaradılacaq Zəfər Muzeyi abidə-kompleksinə təqdim olunması nəzərdə tutulur.
Sevinc