Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Məcburi köçkünlərə dəstək tədbiri keçirilib



Newscenter.az.11.11.2021. Noyabrın 11-də Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə Koreyanın Azərbaycandakı səfirliyi “Qobu Park” yaşayış kompleksində yerləşən “Xarıbülbül” təlim və istehsal mərkəzində sosial dəstək tədbiri keçirib.

Bu barədə Newscenter.az-a Dövlət Komitəsindən məlumat verilib.

Tədbirdə çıxış edən Komitə sədrinin müşaviri Nəsimi Nərimanov bildirib ki, məcburi köçkünlərin problemlərinin həlli Prezident İlham Əliyevin diqqət mərkəzindədir və hazırda onların öz doğma yurdlarına qayıdışına hazırlıq tədbirləri həyata keçirilir: "Birinci vitse-prezident xanım Mehriban Əliyeva məcburi köçkünlərə xüsusi qayğı göstərir, onlarla görüşlər keçirir, arzu və istəklərini şəxsən dinləyir, mənzil-məişət, təhsil, sağlamlıq məsələlərini həll edir. Ölkəmizdə məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması üçün dövlət tədbirlərinin görülməsi ilə yanaşı, son illər bu sahəyə özəl sektor da töhfələr verib".

Qonaqların diqqətinə çatdırılıb ki, tədbirin keçirildiyi “Qobu park” yaşayış kompleksi özəl sektor tərəfindən, dövlət vəsaiti istifadə olunmadan tikilib. Eyni zamanda bildirilib ki, “Xarı bülbül” kompleks ərazisində yaşayan məcburi köçkünlərin məşğulluğuna dəstək məqsədi ilə yaradılıb. Burada məcburi köçkün şəhid və müharibə veteranlarının ailələri çalışır.

Koreyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Kim Tonq Op məcburi köçkünlərlə bağlı dövlət tərəfindən həyata keçirilən tədbirləri yüksək qiymətləndirib. Qeyd edib ki, gələcəkdə səfirlik tərəfindən məcburi köçkünlərlə bağlı icra edilən tədbirlər genişləndiriləcək.

Qonaqlar “Koreya-Azərbaycan” dostluq münasibətlərini əks etdirən sərgidə əl işlərindən ibarət rəsmlərə baxıb. Müsabiqədə iştirak edən məktəblilərə hədiyyə və sertifikatlar təqdim edilib.

Daha sonra tədbir iştirakçıları mərkəzdə hazırlanan zərgərlik əşyaları və xalçalarla tanış olublar, burada çalışan məcburi köçkünlərlə söhbət ediblər. Səfirlik tərəfindən “Xarıbülbül”ə ip, əriş-arğac və bir sıra texniki avadanlıqlar hədiyyə edilib.

Sevinc
Xəbəri paylaş