Newscenter.az.19.11.2021. Bakının Binəqədi rayonunda müxtəlif ünvanlarda “Azərsu” ASC tərəfindən quraşdırılan 11 ədəd su sayğacını oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində Binəqədi qəsəbəsində qeyd edilən oğurluqları törətməkdə şübhəli bilinən Teymur Allahverdiyev tutularaq istintaqa təqdim edilib.
Həmin şəxs ifadəsində oğurladığı sayğacları hissələrə ayıraraq metal qəbulu məntəqələrinə satdığını bildirib. Oğurlanan sayğaclardan bir qismi saxlanılan şəxsdən aşkar olunaraq maddi sübut kimi götürülüb.
Faktlarla bağlı 43-cü Polis Bölməsində toplanan materiallar Binəqədi Rayon Polis İdarəsinə göndərilib. Teymur Allahverdiyevin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə Binəqədi Rayon Polis İdarəsinə, ərazi üzrə polis orqanlarına, həmçinin "102" Xidməti-Zəng Mərkəzinə və Nazirliyin rəsmi sosial şəbəkə hesablarına məlumat verə bilərlər.