Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Könül Nurullayeva ölkəmizi yüksək səviyyəli beynəlxalq forumda təmsil edib-VİDEO



Newscenter.az.12.11.2021. Milli Məclisin deputatı Könül Nurullayeva 8-10 noyabr tarixlərində dünyada nüfuzu ilə seçilən beynəlxalq tədbirdə — "Qadın Siyasi Liderlər" təşkilatı tərəfindən keçirilən 2021 Reykjavik Qlobal Forumunda iştirak edib. Tədbirdə bəyanatla çıxış edən K.Nurullayeva inklüziv və güclü cəmiyyət yaratmaq məqsədilə ölkəmizdə qadın məsələləri üzrə icra olunan qanun layihələrindən bəhs edib. Azərbaycanda qadınların dövlət idarəçiliyində fəal iştirak etdiyini diqqətə çatdıran K.Nurullayeva vurğulayıb ki, ölkəmizdə gender siyasəti uğurla həyata keçirilir, bu sahədə qanunvericilik bazası ilbəil təkmilləşdirilir.

Newscenter.az xəbər verir ki, K.Nurullayeva Ermənistanın 30 ilə yaxın apardığı işğal siyasəti səbəbindən qadınlar da daxil olmaqla minlərlə soydaşımızın məcburi köçkün həyatı yaşamasına da toxunub. “Ötən il torpaqlarımız işğaldan azad olunduqdan sonra “ağıllı” kəndlərin, beynəlxalq statuslu hava limanlarının inşası kimi uğurlu layihələrin icrası ilə Qarabağ yeni ümidlər, imkanlar və başlanğıclar bölgəsinə çevrilib”, - deyə Könül Nurullayeva əlavə edib. Bəyanatın sonunda isə millət vəkili qeyd edib ki, yeni yaranmış bu reallıqlar təbii ki, Azərbaycanda qadınların da həyatının yaxşılaşmasına və ümumilikdə regionun inkişafına xidmət edəcək.

Məlumat üçün deyək ki, forum iştirakçıları arasında İslandiyanın keçmiş Baş naziri Yohanna Siqurdötir, Afrika Rifah Fondunun təsisçisi və prezidenti Toyin Ojora Saraki, BMT baş katibinin müavini Amina J.Mohammed, İspaniya hökumətinin prezidenti Pedro Sançez, Avropa İnvestisiya Bankının rəhbəri Şiva Dustdar, İƏİT Baş katibinin müavini, Argentinanın sabiq xarici işlər naziri, "Qlobal Qadın Liderlərinin Səsi" təşkilatının qurucusu Susana Malkorra, İslandiyanın birinci xanımı Eliza Reid, "Google" şirkətinin vitse-prezidenti Jakqulin Fuller, NASA-nın baş icraçısı Andrea I. Razzaqi, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Mişel Baçelet, BMT baş katibinin sabiq köməkçisi Arança Qonzales Laya, "Huawei" şirkətinin vitse-prezidenti Afke Şart, Mavritaniyanın Prezidenti Amina Qurib-Fakim, habelə bir çox ölkələrin millət vəkilləri, dünyanın tanınmış onlarla qadın siyasətçisi olub. Tədbirin gündəliyində isə "Nəsil bərabərliyi", "Sağlam qadın, sağlam iqtisadiyyat: siyasi yeniliklər və həll yolları", "İqlim üçün innovasiyalar: sahibkarlar planeti necə qoruya bilər?", "Gender bərabərliyi üçün özəl sektorun önəmi: nəsil bərabərliyi imkanı", "Təhlükəsiz gələcək üçün immunitetin gücləndirilməsi" kimi mühüm mövzular yer alıb.

Xəbəri paylaş