Newscenter.az.13.11.2021. Hərbi geyimi qanunsuz daşıyanlarla bağlı məsələ yenidən gündəmə gəlib. Bu günlərdə hərbi geyimdə olan mülki şəxslərin iştirakı ilə avtoxuliqanlıq və dələduzluq hərəkətləri qeydə alınıb. Məlum olub ki, hərbi geyimdə olan və yaxasına medallar asan həmin sürücülərin əksəriyyəti nəinki döyüşdə, ümumiyyətlə, hərbi xidmətdə olmayıb.
Etiraf etmək lazımdır ki, hər bir forma geyinən şəxsə ayrı-ayrılıqda nəzarət etmək mümkün deyil. Bu problemdən çıxış yolu yalnız maariflənmədən keçir. Hərbi geyimdən sui-istifadə edənlərin cəzalandırılması ilə bağlı tədbirlər daha da sərtləşdirilməlidir. Bu məsələ zaman-zaman mətbuatda yer alır. Hərbi geyimə icazəsi olanlar bu formadan istifadə etməlidir. Çünki formanın özünün müəyyən tələbləri var və onu geyən şəxslər müvafiq qaydalara əməl etməlidirlər.
Vətən savaşından sonra hərbi geyimdən istifadə edənlərin sayı daha da artıb. Əlbəttə ki, odlu-alovlu müharibədən çıxmış hərbçilərimizin və qazilərimizin hələ də o hisslərlə yaşadığını anlayırıq. Prinsip cəhətdən qazilərimiz hərbi geyimin qaydalarına əməl edirlər. Qazilərimiz bizim baş tacımızdır. Amma bəziləri bu formadan sui-istifadə edir və şəxsi məqsədlərini həyata keçirirlər. Hətta özlərini müharibə iştirakçıları kimi aparırlar ki, bu yolverilməzdir. Hərbi geyimin ucuzlaşdırılmasından qazi və müharibə veteranlarının özləri də narahatdırlar. Cəmiyyət olaraq hərbi geyimə hörmətsizlik edən şəxslərin məsuliyyətə cəlb olunmasını tələb etməliyik. Müşahidlər göstərir ki, hərbi geyimdən çirkin işlərdə və tikintidə də istifadə edənlər az deyil.
Bu cür müqəddəs formanın mahiyyətini və anlamını dərk etməliyik. Bunu hər kəs də geyinə bilməz. Məsələn, ehtiyata buraxılan zabitlərin belə şəxsi işində onların hərbi geyimdən istifadı edib-etməmək hüququ qeyd olunur. Xidmətdən hansısa pis addımı ilə ayrılıbsa, o, sözügedən geyimdən istifadə hüququndan məhrum oluna bilər. Bir sözlə bu formanın istifadəsini qanunvericilikdə əks olunduğu kimi aidiyyəti olmayan şəxslərə qadağan etmək lazımdır.
Əli İbrahimov-hüquqşünas