Newscenter.az.13.11.2021. "Türk Dövlətləri Təşkilatının fəaliyyəti türk dünyasının daha da güclənməsinə xidmət edəcək. İstanbulda keçirilən 8-ci zirvə toplantısında qəbul edilən "Türk dünyasına baxış - 2040" sənədi isə bu təşkilatın gələcək perspektivini müəyyənləşdirəcək. Türk Şurası bu gün böyük coğrafiyanı əhatə edir, böyük iqtisadi, siyasi, hərbi gücü ehtiva edir".
Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Könül Nurullayeva səsləndirib. Millət vəkili bildirib ki, təşkilatın qarşısında yeni hədəflər durur:
"Zirvə toplantısında da bəyan olunduğu kimi, ortaq tarixə və mədəniyyətə sahib qardaşları ayıra biləcək heç bir hüdud yoxdur. Türk dünyası artıq ortaq gələcəklərini inşa edirlər. Heç kim Türk Dövlətləri Təşkilatının varlığından narahat olmamalıdır, tam əksinə bu təşkilatın bir üzvü olmağa çalışmalıdırlar - İstanbul zirvəsində verilən əsas mesajlardan biri də bu oldu. Türk dünyasının birliyi dünyaya yalnız sülh və firavanlıq gətirə bilər. Azərbaycanın Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına sədrliyi dövründə də dünya bunun şahidi oldu. Təsadüfi deyil ki, hələ 2009-cu ilin oktyabrında türkdilli dövlət başçılarının Naxçıvan Zirvə görüşündə Prezident İlham Əliyevin də söylədiyi kimi, qədim yurdumuz Zəngəzuru Azərbaycandan ayırıb Ermənistana birləşdirilməsi demək olar ki, böyük türk dünyasını coğrafi baxımdan parçaladı. Yəni, türk dünyasının vahid bir ailə, vahid bir qüvvə kimi fəaliyyəti onilliklər ərzində dayandırılmışdır. Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı qələbə bütün türk dünyasının qələbəsidir. İstanbul zirvəsində də qeyd olunduğu kimi, Zəngəzur dəhlizinin yaradılması təkcə iqtisadi deyil, həm də böyük siyasi əhəmiyyət daşıyan hadisədir. Azərbaycan faktiki türkdilli dövlətlər arasında coğrafi bağlılığı bərpa edib".
Deputat qeyd edib ki, Türk Şurasının Naxçıvandan başlanan inkişaf yolunda Prezident İlham Əliyev böyük əmək sərf edib:
"2019-2021-ci illərdə təşkilata sədrlik edən Azərbaycan qurumun inkişafına, onun coğrafiyasının genişlənməsinə, beynəlxalq aləmdə nüfuzunun yüksəlməsinə, əlaqələrinin artmasına önəmli töhfələr verib. Türk Şurasının digər mötəbər beynəlxalq təşkilatlarla faydalı əməkdaşlığın qurulmasına da nail olunub. Məlum olduğu kimi, artıq şura rəsmi şəkildə təşkilata çevrildi. Türk Dövlətləri Təşkilatının təkcə ölkələrimiz, xalqlarımız üçün deyil, dünya üçün önəmi bundan sonra da artacaq. Bunun üçün kifayət qədər perspektivlər var. Prezident İlham Əliyevin də söylədiyi kimi, bizim işbirliyimiz səmimidir, biz hamımız qardaşıq, biz hamımız ənənəvi dəyərlər üzərində ölkələrimizi inkişaf etdiririk və bu birlik, qardaşlıq gündən-günə möhkəmlənir".
Könül Nurullayeva onu da diqqətə çatdırıb ki, sammitdə ən vacib məqamlardan biri müzəffər Ali Baş Komandan İlham Əliyevin "Türk Dünyasının Ali Ordeni" ilə təltif olunması idi:
"Türkdilli ölkələrin Dövlət Başçıları Şurasının Qərarı ilə belə bir qərarın qəbul olunması Azərbaycan Prezidentinin şəxsiyyətinə, türk dünyasında liderliyinə, beynəlxalq miqyasda və türkdilli dövlətlər arasında olan yüksək nüfuzuna verilən qiymət idi. Prezident İlham Əliyevin bu ali mükafata layiq görülməsi Azərbaycanın Vətən müharibəsində tarixi qələbəsidir. Eyni zamanda bu, dövlət başçımızın Azərbaycanın ərazi bütövlüyünün bərpasını təmin edərək türk birliyinə mühüm töhfə verən, bölgədə davamlı sülh və sabitliyin əldə olunmasına yol açan tarixi qələbənin əldə olunmasındakı misilsiz xidmətlərinə verilən qiymətdir. Azərbaycan bu ali mükafatı sözün həqiqi mənasında haqq edib. Çünki ölkəmiz hər zaman türk dünyasının birliyi istiqamətində mühüm addımlar atıb. Prezident İlham Əliyev türk dünyasında uzaqgörən, məqsədyönlü, prinsipial lider kimi nüfuz qazanıb".
Ruhiyyə