Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Yeni Azərbaycan Partiyasının hər bir üzvü Heydər Əliyev irsinin təbliğatçısıdır



Newscenter.az.13.11.2021. Təsis konfransını 1992-ci il noyabrın 21-də Naxçıvan şəhərində Azərbaycanın müxtəlif regionlarından təşəbbüs qruplarının 550-dən artıq nümayəndəsinin iştirakı ilə keçirən Yeni Azərbaycan Partiyasının sıralarında bu gün 760 mindən artıq üzvün birləşməsi Heydər Əliyev ideyalarına sədaqətin bariz nümunəsidir.

Partiyanın hər bir üzvü Heydər Əliyev irsinin təbliğatçısıdır.

Yeni Azərbaycan Partiyasının yaradılması ilə bağlı ümummilli lider Heydər Əliyevə müraciəti şərtləndirən digər önəmli amil onun Naxçıvan dövrü ilə bağlıdır. Çünki o vaxt Naxçıvan həm Ermənistanın, eyni zamanda, o vaxtkı Azərbaycan rəhbərliyinin əsassız hücumlarına, təqiblərinə məruz qalırdı. Faktiki olaraq blokada şəraitindəki muxtar respublika işıqsız, qazsız, susuz, heç bir maddi imkanı olmadan yaşayırdı və Heydər Əliyev amili burada əsas rol oynayırdı. Ermənilər nə qədər cəhd etsələr də, Naxçıvanda öz istəklərinə nail ola bilmədilər. Hansı ki, Qarabağdan sonra onların növbəti hücum hədəfi Naxçıvan idi. Ulu öndər Heydər Əliyev və onun ətrafında birləşmiş insanlar Naxçıvanı qoruya bildilər. Düşmən yerinə oturduldu və sərhəddə gedən şiddətli döyüşlərdə qalib gəldilər. Bütün bu amillər Heydər Əliyevin xalq qarşısında olan hörmətini daha da artırdı.

Yeni Azərbaycan Partiyasının qət etdiyi 29 illik yola nəzər saldıqda şərəfli yol keçdiyini, daim tutduğu mövqeyə sadiqlik nümayiş etdirdiyini böyük qürur hissi ilə qeyd edirik. YAP yaranandan cəmi 7 ay sonra partiyanın yaradıcısı, xalqımızın ümummilli lideri Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdı və xalqımızın Ulu Öndərə, onun yaratdığı partiyaya bağladığı ümidlər ardıcıl olaraq həyata keçirilməyə başladı. Yeni Azərbaycan Partiyası iqtidar partiyasına çevrilərək ölkənin siyasi həyatında tutduğu mövqeyini möhkəmləndirmiş, kütləvi siyasi qüvvəyə çevrilərək ictimai həyatın bütün sahələrində tərəqqiyə nail olmaq məqsədilə yüksək fəallıq nümayiş etdirmişdir.

Ulu öndər Heydər Əliyev Yeni Azərbaycan Partiyasının fəaliyyətini daim diqqətdə saxlayırdı. «YAP sınaqlardan çıxmış, böyük və şərəfli yol keçmiş, indi artıq Azərbaycan cəmiyyətində özünəməxsus yer tutmuş bir partiyadır.» Ulu öndər Heydər Əliyevin bu fikri ölkəmizin ictimai-siyasi həyatında mühüm rol oynayan, illər keçdikcə sıraları kəmiyyət və keyfiyyət baxımından daha da möhkəmlənən, ən başlıcası milyonların partiyasına çevrilən Yeni Azərbaycan Partiyasının dünəninə, bu gününə və gələcəyinə bələdçilik edir. Yeni Azərbaycan Partiyası aparıcı siyasi qüvvə kimi fəaliyyət göstərdiyi 29 ilə yaxın dövr ərzində bütün qüvvə və bacarığını xalqa xidmətə yönəldərək, mühüm uğurlara imza atıb. Gələcəyə doğrü inamla irəliləyən Yeni Azərbaycan Partiyası cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin daha da qüdrətlənməsi istiqamətində ciddi səylər göstərir
Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı, Yeni Azərbaycan Partiyasının iqtidar partiyası kimi fəaliyyəti Azərbaycanın bugünkü uğurlarını təmin edən ən başlıca şərt olmuşdur. 1993-2003-cü illər Azərbaycan tarixinə dirçəliş illəri kimi daxil olub. İqtisadi sahədə yaşanan tənəzzül aradan qaldırıldı, siyasi proseslər müsbət məcrada inkişaf etməyə başladı. Ölkəmizdə siyasi plüralizm, demokratiya, söz azadlığı bərqərar oldu. Çoxpartiyalı sistemin yaradılmasında Yeni Azərbaycan Partiyasının rolu inkaredilməzdir. Bir sözlə, Yeni Azərbaycan Partiyası öz mövqeyini başqa partiyaları zəiflətməklə yox, öz fəaliyyəti ilə təmin etdi.

Azərbaycanın hər bir uğurunda öz payı olan Yeni Azərbaycan Partiyasının ölkədə keçirilən bütün seçki proseslərindən uğurla çıxması da möhkəm təmələ əsaslanan siyasətə, xalq-iqtidar birliyinin möhkəmliyinə əsaslanır. Dünyaya səs salan 44 günlük İkinci Qarabağ müharibəsində də 50 siyasi partiyanın Prezident İlham Əliyevin siyasətini dəstəkləyərək onun ətrafında sıx birləşməsi, partiyanın VII qurultayında 6 siyasi partiyanın Yeni Azərbaycan Partiyasına qoşulmaq barədə qərarı da bunun bariz nümunəsidir.

Azərbaycan bu gün elə bir inkişaf mərhələsinə gəlib çatıb ki, ölkəmizin keçdiyi yol, əldə etdiyi uğurlar digər dövlətlərə nümunə göstərilir. Vaxtilə Yeni Azərbaycan Partiyası «Yeni, müstəqil Azərbaycan uğrunda” şüarı ilə çıxış edirdisə, bu gün «Yeni hədəflərə doğru İlhamla irəli» deyir. Yeni-yeni hədəflərə yol açan isə qeyd etdiyimiz kimi, uğurlarımız və gələcəyə hesablanmış strategiyadır. Azərbaycanın müstəqillik tarixində keçdiyi yola, əldə etdiyi təcrübəyə və uğurlara söykənərək qarşıdakı illər üçün müəyyənləşdirilən əsas hədəfimiz ölkəmizi inkişaf etmiş dövlətlər sırasında görmək, eyni zamanda, yüksək gəlirli dövlətə çevirməkdir. Partiyanın hər bir üzvü bu hədəflərin reallığa çevrilməsinə öz töhfəsini vermək üçün ciddi səylər göstərir.

Azərbaycanın son illərdə keçdiyi inkişaf yolu hər kəsə məlumdur. Dövlətimizin başçısı İlham Əliyev Heydər Əliyev siyasətini bütün sahələrdə uğurla davam etdirərək möhkəm təməl üzərində təkmil islahatları ilə Azərbaycana möhtəşəm uğurlar qazandırdı. Zəfərimiz bu uğurların zirvəsində dayanır. Bu Qələbəmiz Azərbaycanın ərazi bütövlüyünü təmin etməklə yanaşı, illərdir ermənilərin, ermənipərəst qüvvələrin apardıqları təbliğatların nə qədər yanlış, saxta olduğunu da bir daha bilərəkdən susan dünyaya çatdırdı. Bugünümüzün əsas çağırışı ölkəmizə qarşı əsassız kampaniyalara yol verməmək, onların qarşısını qətiyyətlə almaq, ən əsası gənc nəslin tərbiyəsini gündəlik fəaliyyətimizin önündə saxlamaqdır.
Ölkəmiz inkişafın yeni mərhələsindədir. Artıq bu il, eyni zamanda, dövlət müstəqilliyimizin 30 illiyini qeyd edəcəyik. Bu tarixi hadisəni Zəfərimizlə qeyd etməyimiz hər bir azərbaycanlı üçün qürurvericidir.

Rafiq Əliyev

YAP Yevlax rayon təşkilatının aparat rəhbəri
Xəbəri paylaş