Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bu mükafat bütün Azərbaycan xalqına verilmiş mükafatdır




Newscenter.az.14.11.2021
. Noyabrın 12-də İstanbulda keçirilən Türkdilli Ölkələrin Dövlət Başçıları Şurasının Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın təklifi ilə qəbul etdiyi Qərara əsasən Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasının ərazilərinin işğaldan azad edilməsini və ərazi bütövlüyünün bərpasını təmin edərək türk birliyinə mühüm töhfə verən və bölgədə davamlı sülh və sabitliyin əldə olunmasına yol açan tarixi qələbəyə görə "Türk Dünyasının Ali Ordeni" ilə təltif edilib.

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin istər ölkəmizin, istərsə də regionun, xüsusilə türk dünyasının, ümumilikdə dünyanın bu günü və gələcəyi ilə bağlı atdığı addımlar, əldə etdiyi uğurlu nəticələr hər zaman diqqətlə izlənilir, təqdir olunur, ali mükafata layiq görülür. Ölkə Prezidenti Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündə bu mükafatı böyük şərəf, eyni zamanda, böyük məsuliyyət kimi dəyərləndirib. Bu mükafat təkcə Müzəffər Ali Baş Komandan İlham Əliyevə deyil, Vətən uğrunda tarixi savaşın qalibi olan bütün Azərbaycan xalqına verilmiş mükafatdır.

Prezident İlham Əliyev qısa dövr ərzində Azərbaycanı inkişaf etmiş, müasir, güclü və dünya miqyasında böyük nüfuza malik dövlətə çevirdi. Məhz dövlət başçısının diplomatik səyləri nəticəsində Azərbaycanın haqq səsi beynəlxalq aləmə çatdırıldı. Yeni əsrin yeni Lideri İlham Əliyev bu illər ərzində Azərbaycanı həm siyasi-iqtisadi, həm də hərbi cəhətdən qüdrətli, dünyada sözünün imzası qədər əhəmiyyəti olan dövlətə çevirdi. Bu güc sayəsində Qarabağın 30 il davam edən işğalına 44 gündə son qoymaq mümkün oldu. Bu gün Azərbaycan həqiqətən tarixi günlərini yaşayır və bu proses əbədi olacaq. Dövlət başçısı İlham Əliyevin Zəfər Günündə Şuşadan bütün dünyaya bəyan etdiyi kimi, biz Qarabağda və Zəngəzurda əbədi yaşayacağıq.

Prezident İlham Əliyev türk dünyasında da uzaqgörən, məqsədyönlü, prinsipial Lider kimi nüfuz qazanıb. Dövlət başçısı hələ 2009-cu ilin oktyabrında Türkdilli Ölkələrin Dövlət Başçılarının Naxçıvan Zirvə Görüşündə "Vaxtilə Azərbaycanın tarixi torpağı, əzəli torpağı Zəngəzur bölgəsinin Azərbaycandan ayırıb Ermənistana birləşdirilməsi demək olar ki, böyük türk dünyasını coğrafi baxımdan parçaladı. Yəni türk dünyasının vahid bir ailə kimi, vahid bir qüvvə kimi fəaliyyəti on illiklər ərzində dayandırılmışdır" demişdi.

Bu gün Zəngəzur dəhlizinin yaradılması təkcə iqtisadi deyil, həm də böyük siyasi əhəmiyyət daşıyan hadisədir. Möhtərəm Prezidentimiz İlham Əliyev türkdilli dövlətlər arasında coğrafi bağlılığın bərpa edilməsinə, bütün türk dünyasının birlik arzusunun reallığa çevrilməsinə misilsiz töhfələr verən Liderdir. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin "Türk Dünyasının Ali Ordeni" mükafatı ilə təltif edilməsində əsas amil kimi önə çəkilən tarixi Zəfərimiz türk dünyasında birliyin və həmrəyliyin gücləndirilməsində də mühüm rol oynadı.

Fuad Heydər – YAP Səbail Rayon təşkilatının əməkdaşı
Xəbəri paylaş