Newscenter.az.14.11.2021. Ermənistanın Qarabağda əsas göz dikdiyi və ələ keçirmək istədiyi ərazilərdən biri də Kəlbəcərdəki qızıl yataqları olub. 1993-cü ildə Kəlbəcər rayonunun ermənilər tərəfindən işğalından xeyli əvvəl belə onlar Kəlbəcərdəki qızıl yataqlarına sahib olmağa çalışıblar.
Newscenter.az xəbər verir ki, bunu ümummilli lider, mərhum prezident Heydər Əliyev də 31 il əvvəl verdiyi bir müsahibəsində qeyd edib. Azərbaycanın tanınmış jurnalisti, mərhum Elmira Əmrahqızının (Əhmədovaya) 1990-cı ildə “Ulduz” jurnalının 6-cı sayında Heydər Əliyevlə dərc edilən müsahibəsində ümummilli lider bunları qeyd edib:
"Bəzi rəhbər işçilər vasitəsilə mənə çatdırırdılar ki, biz gərək Ermənistanla Azərbaycanın xəritəsini dəqiqləşdirək. Guya burada müəyyən səhvlər buraxılıb. Mən isə hamıya deyirdim ki, bizim sərhədimiz məlumdur və heç nəyi dəyişdirməyə ehtiyac yoxdur. Yadımdadır ki, Kəlbəcər rayonu ilə sərhəddə qızıl mədəni var idi. Orada qızıl axtarmaq bəhanəsi ilə ermənilər bizim torpağa keçmişdilər. Bunu bilən kimi respublika Nazirlər Sovetinə, Kəlbəcər rayon rəhbərliyinə göstəriş verdim ki, yubanmadan onları çıxartsınlar və biz məsələni həll etdik".
NEWSCENTER.AZ