Newscenter.az.14.11.2021. Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinin son dərəcə ağır günlərində Azərbaycan ziyalılarının təşəbbüsü,fəal iştirakı və Ulu Öndər Heydər Əliyevin xeyir duası ilə yaranıb. Azərbaycan müstəqilliyini əldə etdikdən az müddət sonra ölkəni bürümüş dərin siyasi, iqtisadi, sosial böhran günlərində Azərbaycanın taleyini düşünən ziyalılar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə xalqın sınanmış lideri və müdrik oğlu Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşdilər. Məhz belə bir vaxtda 91 nəfər Azərbaycan ziyalısının imzası ilə Naxçıvana, Heydər Əliyevə müraciət göndərildi.
Azərbaycanın ən yeni tarixinə "91-lər”in müraciəti kimi daxil olmuş həmin sənəd əslində, bütün xalqın arzu və istəklərinin ifadəsi idi. Xalqımızın dahi oğlu, tanınmış dövlət xadimi və böyük təcrübəyə malik ulu öndər Heydər Əliyev o dövrdə blokada şəraitində olan Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə sədrlik edirdi. Heydər Əliyev xalqın müraciətini qəbul etdi və 550 nəfərdən ibarət təşəbbüs qrupu Naxçıvana gedərək təşkilatın təsis konfransını keçirdilər.
1992-ci il noyabrın 21-də Heydər Əliyevin sədrliyi ilə Naxçıvanda təsis konfransı keçirildi. Təsis konfransında YAP-ın yaradılması haqqında qərar, partiyanın Proqram və Nizamnaməsini qəbul edildi. Konfransda ümummilli lider Heydər Əliyev yekdilliklə partiyanın sədri seçildi. Beləliklə, müstəqil Azərbaycan tarixində öz üzərində böyük tarixi missiya götürən və xalqımızın həyatında mühüm hadisəyə çevrilən YAP yarandı.
1993-cü ilin oktyabr ayının 3-də YAP-ın sədri, ümummilli lider Heydər Əliyevin Azərbaycan Prezidenti seçilməsi ilə partiyanın həyatında yeni dövrün əsası qoyuldu. Partiyanın statusu yeni şəraitə uyğun olaraq dəyişib, ölkənin siyasi həyatında onun tutduğu mövqe möhkəmlənib, kütləvi siyasi qüvvəyə çevrilərək ictimai həyatın bütün sahələrində tərəqqiyə nail olmaq məqsədilə yüksək fəallıq nümayiş etdirib.
Qeyd edək ki, 1993-2003-cü illərdə Azərbaycanda diqqətdən kənarda qalan hər hansı sahə olmayıb. Ulu öndər Heydər Əliyev ölkə həyatında baş verən ən xırda problemə belə həssaslıqla yanaşıb və onun həllinə çalışıb. Bir zamanlar xəyal edilən iqtisadi layihələr uğurla həyata keçirilib. Dövlət, ordu quruculuğu sahəsində ciddi işlər görülüb, Azərbaycan beynəlxalq arenaya çıxıb. Xarici ölkələr, beynəlxalq təşkilatlar məhz ulu öndər Heydər Əliyevin siyasi nüfuzuna arxalanaraq müxtəlif sahələrdə Azərbaycan ilə əməkdaşlığa başlayıblar.
2003-cü ilin oktyabr ayının 15-də keçirilən prezident seçkilərində YAP sədrinin birinci müavini, İlham Əliyev prezident, daha sonra YAP-ın 2005-ci ilin mart ayının 26-da keçirilən III Qurultayında İlham Əliyev yekdilliklə YAP-ın sədri seçildi.
Bu gün bütün sahələrdə qazanılan uğurlar və Vətən müharibəsindəki Şanlı Qələbə nəticəsində Cənubi Qafqazın lider dövlətinə çevrilən Azərbaycanın razılığı və iştirakı olmadan regionda heç bir layihə icra olunmur. Ölkə daxilində sabitlik, firavanlıq hökm sürür, insanların rifah halı gündən-günə yaxşılaşır. Elə bir sahə yoxdur ki, orda öyünə biləcəyimiz nailiyyətimiz olmasın. Əlbəttə ki, bütün bu uğurlar güclü xalq-iqtidar birliyinin sayəsində mümkün olub. Ona görə də tam əminliklə demək olar ki, yaranmasının 29 ilini qeyd etdiyimiz YAP ümumxalq partiyasıdır. Bu partiyanın sıraları hər il durmadan genişlənir. İyirmi doqquz illik şərəfli tarixə malik YAP bu gün də ulu öndər Heydər Əliyevin ideyaları ilə yaşayır və inkişaf edir.
Muxtar Nağıyev – YAP Səbail Rayon təşkilatının sədri