Newscenter.az.14.11.2021. Növbəti faciələrə və bölgədə sülhə zərbə vuracaq addımlara rəvac verə biləcək səhvlər təxirə salınmadan düzəldilməlidir.
Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşmiş Rusiya sülhməramlıları Şuşa ətrafında Azərbaycan əsgərinə qumbara atan terroristi separatçılara, bəzi məlumatlara görə Ermənistana təhvil verib. İnformasiya səhihdirsə, bu, birinci halda bütün mənalarda sülhməramlıların separatçıları TƏRƏF gördüklərinin göstəricisi, ikinci halda, oxşar hadisələrin davamlı və cəzasız olacağına rəvac vermək deməkdir.
Ən sərt şəkildə reaksiya verilməli, terrorçunun istisnasız Azərbaycan tərəfinə təhvil verilməsinə nail olunmalıdır. Əks variant sadəcə, mümkün deyil.
Sülhməramlıların addımı Azərbaycan qanunvericiliyinə, beynəlxalq hüququn münaqişələr üzrə prinsiplərinə, beynəlxalq humanitar hüquqa, terrorizmə qarşı birgə mübarizəyə dair beynəlxalq razılaşmalara, beynəlxalq konvensiyalara, eləcə də sülhməramlı missiya ilə bağlı 1948, 1949-cu il BMT Təhlükəsizlik Şurasının qətnamələrində qoyulan tələblərə ziddir.
"Qafqaz: əməkdaşlıq və inteqrasiya" klubu olaraq, erməni terroristin regionda münasibətlərin gərginləşməsi, milli ayrıseçkilik zəminində nifrət və qisas hisslərinin qızışdırılmasına xidmət edən təxribatçı addımını pisləməklə yanaşı, Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşmiş sülhməramlı missiyanın rəhbərliyinə məsuliyyətlərini xatırladır və növbəti faciələrə və bölgədə sülhə zərbə vuracaq addımlara rəvac verə biləcək səhvlərini təxirə salmadan düzəltməyi tələb edirik.
Anar Əliyev,
"Qafqaz: əməkdaşlıq və inteqrasiya" klubunun sədri, politoloq