Newscenter.az.15.11.2021. Yeni Azərbaycan Partiyasının Proqramında irəli sürülmüş əsas vəzifələr dövlət müstəqilliyinin möhkəmləndirilməsi, demokratik, hüquqi, dünyəvi dövlətin qurulması, vətəndaşların dinc və firavan həyatının təmin edilməsidir. Partiya məfkurəsinin əsasını təşkil edən müstəqil dövlətçilik, qanunçuluq, azərbaycançılıq, yaradıcı təkamül, vətəndaş həmrəyliyi və sosial ədalət prinsipləri YAP-ın qarşısında duran vəzifələrin həyata keçirilməsinin ideya təminatı olaraq mahiyyətcə Azərbaycanın siyasi gələcəyinin də ideya bazasını şərtləndirmiş olur.
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra dövlət suverenliyinin möhkəmləndirilməsi üçün qarşıya bir sıra hədəflər qoydu. Amma geosiyasi və geoiqtisadi faktorlar bu vəzifənin öhdəsindən gəlməyə ciddi maneə yaradırdı. Bir yandan Ermənistanın ölkəmizə qarşı əsassız ərazi iddiaları və həyata keçirdiyi işğalçılıq siyasəti Azərbaycanda hüquqi dövlət quruculuğu işinə vaxt ayırmasına əngəllər yaradır, digər tərəfdən isə bu istəyi həyata keçirəcək təcrübəli kadr potensialı yox idi. Antimilli qüvvələrin tutduğu siyasi xətt xalqda böyük hiddət doğururdu. Yaxınlaşan milli fəlakəti hiss edən bir qrup vətənpərvər Azərbaycan ziyalısı Heydər Əliyevə müraciət etdi. Onlar tarixə “91-lər” adı ilə düşdülər.
29 il bundan əvvəl Yeni Azərbaycan Partiyasının təsis olunmasını Azərbaycan cəmiyyəti əslində, Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışının başlanğıcı, bununla əlaqədar yaranmış böyük xalq hərəkatı kimi dərk edir. Təsadüfi deyil ki, Yeni Azərbaycan Partiyası yaranandan təxminən yarım il sonra partiyanın yaradıcısı və Sədri Heydər Əliyev xalqın istəyi, təkidli tələbi ilə hakimiyyətə qayıtdı, bununla da Azərbaycan böhrandan xilas olmaq imkanı qazandı. Azərbaycan tarixinin yeni mərhələsi başlandı. İlk öncə, böhran, qeyri-sabitlik cilovlandı, geniş və hərətəfli islahatlar nəticəsində böyük bir inkişaf strategiyasına start verildi. Bu inkişaf strategiyası nəticəsində böyük nəticələr əldə olundu. Bu strategiya ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuz tərəfindən 30 ilə yaxın işğal altında olan torpaqlarımızın azad olunması ilə nəticələndi. Yeni Azərbaycan Partiyası uğurlu taleyi olan siyasi təşkilat hesab oluna bilər. Yeni Azərbaycan Partiyası indiyə kimi qalibiyyətlər, qələbələr, zəfərlər partiyası kimi fəaliyyət göstərib və onun bundan sonrakı fəaliyyəti də yeni-yeni nailiyyətlərlə müşaiyət olunacaq. YAP hər zaman dünəninə hörmət, gələcəyinə rəğbətlə yanaşır.
İbrahim Kərimov,
YAP Sabirabad rayon təşkilatının məsləhətçisi