Newscenter.az.16.11.2021. İsmayıllı rayonunda yenicə istifadəyə verilmiş Basqal-Sulut avtomobil yolu rahat gediş-gəlişi təmin etməklə yanaşı, əhatə etdiyi 11 yaşayış məntəqəsində kənd təsərrüfatı və turizmin inkişafına, yol boyu yaşayan əhalinin sosial rifah halına müsbət təsir etmiş olacaq.
Newscenter.az xəbər verir ki, başlanğıcını respublika əhəmiyyətli Muğanlı–İsmayıllı yolunun 17-ci km-dən götürən Basqal-Sulut avtomobil yolunun inşası Prezident İlham Əliyevin 2020-ci ilin iyul ayında imzaladığı Sərəncama uyğun olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılıb.
Avtomobil yolunun uzunluğu 30.1 kilometr, hərəkət hissəsinin eni isə 6 metrdir. Yol üzərində 4 yeni avtomobil körpüsü də inşa edilib. 2 hərəkət zolaqlı yol 4 min nəfər əhalinin yaşadığı Basqal, Qıçatan, Tağlabiyan, Kəlfərəc, Zeyvə, Kürdüvan, Xankəndi, Mücü, Sərsurə, Kələzeyvə və Sulut kəndlərini birləşdirir.
Əvvəllər yolun torpaq əsaslı və çınqıl örtüklü olması rahat və təhlükəsiz gediş-gəliş üçün problemlər yaradırdı. Layihəyə uyğun yolun 5-ci dərəcədən 4-cü texniki dərəcəyə təkmilləşdirilməsi bu problemləri geridə qoyub.
Yeganə Ağayeva - Basqal qəsəbəsi orta məktəb müəllimi: “Yolların təmiri başlamamışdan əvvəl məktəbə gələndə çox əziyyət çəkirdik. Prezidentin Basqal qəsəbəsinə göstərdiyi qayğı nəticəsində yolların da təmiri əsas diqqət mərkəzinə gətirildi.”
Elsevər Məmmədov - Sulut kənd sakini: “On beş dəqiqəlik rayon yolunu üç saatda gəlirdik. Gəlib, çayın o üzündə qalıb əziyyət çəkirdik. İndi şükür ki, körpümüz də var, şəraitimiz də var.”
“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, yol boyu yeni yol yatağı və yol əsası, zəruri olan yerlərdə müxtəlif diametrli yeni suötürücü dairəvi borular inşa edilib, yolun asfaltlanması işləri icra olunub.
Layihənin sonuncu mərhələsində isə avtobus dayanacaqları inşa edilib, yol nişanları, məlumatverici lövhələr quraşdırılıb, üfiqi nişanlanma xətləri çəkilib. Bununla da yeni yol müasir görkəmdə vətəndaşların istifadəsinə verilib.
Novruz Əsədov- Basqal qəsəbə sakini: “ Hər bir xalqın mədəniyyəti yoldan başlayır deyirlər. Gözəl yol mədəniyyətin göstəricisidir. Bu həqiqətən də belədir. Əvəllər indi dayandığımız bu yol belə gözəl deyildi. Ümumiyyətlə tarix boyu Basqal və ətraf kəndlərə belə rahat və müasir yol salınmayıb. "Rahat yol rahat həyatın işarəsidir"- demək olar. Əvəllər çox çətin idi. Xüsusilə Basqaldan ətraf kəndlərə gediş-gəliş hədindən artıq çətin idi. Yağışlı havalarda, payız-qış mövsümündə birbaşa maneçilik, gediş-gəlişdə çətinliklər yaranırdı. Basqal turizm bölgəsidir və Basqalın ətraf kəndlərinə turistlərin gəlişi var. Bu baxımdan belə müasir yolun salınması turizmin inkişafına, ticarət əlaqələrinin yaxşılaşmasına, əhalinin gediş-gəlişinin rahatlığına şərait yaradır.”
Rüstəm Məmmədov - Kürdüvan kənd sakini: “Bu kəndlər qədim kəndlərdir. Biz həm respublikamızın daxilində olan camaatımızı, həm də xarici turistləri bura dəvət edirik. Yolumuz var, təbiət qoynunda istirahət etmək üçün bulaqlarımız var.”
Anar Nəcəfli – AAYDA-nın İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi: “Ümumiyyətlə isə sözügedən avtomobil yolunun inşası ilə Böyük Qafqazın cənub ətəklərində, səfalı İsmayıllı ərazisində yerləşən, Azərbaycanın hələ XII əsr xəritələrində adı çəkilən, ilk insan məskənlərindən biri sayılan Sulut, qədim kəndlərimizdən sayılan Qıçatan, səfalı bulaqları ilə tanınan Sərsurə, tarixi abidələri, türbələri, ibadətgahları ilə bilinən Kələzeyvə və digər kəndlərdə təsərrüfat və turizmin inkişafına gətirib çıxarmaqla yanaşı, yol boyu yaşayan əhalinin sosial rifah halına da müsbət təsir etmiş olacaq. “
Sevinc