Newscenter.az.16.11.2021. “Uzun illər ərzində hüquqları pozulmuş məcburi köçkünlər təhlükəsiz və ləyaqətli şəkildə işğaldan azad edilən ərazilərdəki öz evlərinə geri qayıdacaqlar”.
Newscenter.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Baramov Avropa İttifaqının Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin görüşü zamanı deyib.
Nazir, həmçinin azad olunmuş ərazilərdə mina təhlükəsinə diqqəti cəlb edib və Ermənistan tərəfindən mina xəritələrinin təqdim edilməsinin vacibliyini səsləndirib. Diplomat, Aİ-nin Şərq Qonşuluğu siyasəti çərçivəsində Cənubi Qafqaza münasibətdə yanaşmasını bölgədə mövcud olan yeni vəziyyətə uyğun olaraq, post-münaqişə dövrünün ehtiyac və prioritetlərinə müvafiq olaraq dəyişdirməsinin vacibliyini vurğulayıb.
Yeni mərhələdə minadan təmizləmə, kommunikasiyaların açılışı, ölkələr arasında yaxşı qonşuluq münasibətlərinin yaradılması üçün etimad quruculuğu tədbirlərini özündə ehtiva edən post-münaqişə siyasi və maliyyə dəstəyinin Aİ-nin yardımçı ola biləcəyi sahələr sırasında olduğu qeyd edilib.
İstər Şərq Tərəfdaşlığı, istərsə də ikitərəfli çərçivədə irəli sürülən təşəbbüslərin Aİ-nin Xarici və Təhlükəsizlik Siyasəti üzrə Qlobal Strategiya sənədində nəzərdə tutulduğu kimi beynəlxalq hüququn suverenlik, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsiplərinə əsaslamalı olduğu tədbir iştirakçılarının diqqətinə çatdırılıb.