Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türk dünyasının inkişafında yeni siyasi mərhələ



Newscenter.az.16.11.2021. 2021-ci il üç böyük hadisə ilə tarixə düşməkdədir: Vətən Müharibəsindəki Qələbənin birinci ildönümü, Şuşada Türkiyə və Azərbaycan Respublikaları arasında Müttəfiqlik Bəyannaməsinin imzalanması və Türk Şurasının Türk Dövlətləri Təşkilatı statusu qazanması. Bu hadisələrin hər biri ayrı-ayrılıqda nə qədər tarixi önəm daşısa da, bir-birinə “siyasi pillə” olmaq baxımından da onların əhəmiyyəti böyükdür. Müasir dünya siyasətinin mühüm seqmentini təşkil etməyə başlayan türk dövlətləri məhz pillə-pillə, mərhələ-mərhələ müttəfiqlik strategiyasını həyata keçirməklə Qloballaşma prosesində türk sivilizasiyasının yerini və rolunu, eləcə də mütərəqqi inkişaf istiqamətlərini müəyyən edir.

Türk dünyasının həyatında dönüş yaradan bu yeni siyasi mərhələyə doğru uzun bir yol gəlir. Bu yolun siyasi fəlsəfəsi isə Türk Dövlətləri Birliyi ideyasıdır. Bu ideyanın kökündə bu dövlətləri yaratmış türk xalqlarının etnogenetik təməli, ulu sivilizasiya qaynaqları, böyük dövlətçilik təcrübəsi və ənənəsi, bütün tarix boyu davam etmiş etnomədəni əlaqələri, tarixi diferensiasiya proseslərində itirmədikləri, qoruyub saxladıqları və daim inkişaf etdirdikləri ortaq dəyərləri dayanır. Bu elə bir möhkəm özüldür ki, tarixin ən mürəkkəb dövrlərində belə sarsılmamış, məqam düşdükcə bərkimiş, hazırda isə güclü inteqrasiya proseslərinə istiqamət verməkdədir. 2009-cu ildən bu ilə qədər fəaliyyət göstərmiş Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (TDƏŞ) və ya Türk Şurası da həmin təşkilatlanma prosesinin çox mühüm tərkib hissəsi idi.

Türk Şurasının tarixi fəaliyyətinə qısaca nəzər salsaq deyə bilərik ki, onun təsis edilməsi türk dünyasının cazibə mərkəzi olan Azərbaycanla bağlıdır. Belə ki, 1992-ci ildən etibarən mütəmadi olaraq keçirilən və hələ rəsmi-təşkilati forma almamış türkdilli ölkələrin dövlət başçılarının Zirvə görüşləri Türk Şurasının yaradılmasını siyasi zərurətə çevirmişdi. Türkdilli ölkələrin dövlət başçılarının 3 oktyabr 2009-cu il tarixində Naxçıvan şəhərində keçirilmiş Zirvə görüşündə imzalanmış Naxçıvan Sazişinə uyğun olaraq Türk Şurası yaradıldı. O zaman Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə təşkilatın təsisçi üzvləri olmuşdular.

Təşkilat yarandıqdan indiyədək keçirilmiş yeddi Zirvə Görüşü (Almatı – 2011, Bişkek – 2012, Qəbələ – 2013, Bodrum – 2014, Astana – 2015, Çolpon-Ata – 2018, Bakı – 2019) iqtisadiyyat, təhsil, elm və mədəniyyət, nəqliyyat, turizm, media və s. sahələr üzrə əməkdaşlıq imkanlarının müzakirəsinə həsr olunmuşdu. Azərbaycan Respublikasının Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri İlham Əliyevin təşəbbüsü ilə 2020-ci il aprelin 10-da qurumun video-konfrans vasitəsilə Fövqəladə Zirvə Görüşü keçirilmişdi. Bu Zirvə Görüşlərində – tərəfdaş ölkələr arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi, regionda və dünyada sülhün bərqərar edilməsi, xarici siyasətdə ortaq yanaşmanın təşviq edilməsi, beynəlxalq terrorizm, separatçılıq, ekstremizm və transmilli cinayətkarlığa qarşı mübarizənin əlaqələndirilməsi, ortaq maraq kəsb edən bütün sahələrdə regional və ikitərəfli əməkdaşlığın gücləndirilməsi, ticarət əlaqələri və investisiyalar üçün əlverişli şəraitin yaradılması, hərtərəfli və balanslaşdırılmış iqtisadi yüksəlişə, sosial və mədəni inkişafa səy göstərilməsi, elm, texnologiya, təhsil və mədəniyyət sahəsində qarşılıqlı işbirliyinin artırılması, kütləvi informasiya vasitələri arasında əlaqələrin, eləcə də daha geniş miqyasda informasiya mübadiləsinin təşkil edilməsi, hüquq sahəsində əməkdaşlığın genişləndirilməsi kimi məsələlər üzərində fikir mübadiləsi aparmışdır.

Beynəlxalq təşkilatlarla əməkdaşlığa xüsusi önəm verən Türk Şurası bu müddət ərzində İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, ATƏT, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri Müşavirəsi, BMT, Ümumdünya Turizm Təşkilatı ilə sıx əməkdaşlıq münasibətləri qurmuşdur.

Son iki ildə Türk Şurasına Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sədrlik etmişdir. Azərbaycan xalqının Vətən Müharibəsindəki böyük zəfəri də məhz bu dövrə təsadüf edir.

Azərbaycanın Ermənistan üzərində tarixi qələbəsi ilə öz ərazi bütövlüyünü təmin etməsindən sonra baş tutan sonuncu – Səkkizinci Zirvə Görüşü 12 noyabr 2021-ci ildə Türkiyənin İstanbul şəhəri yaxınlığındakı “Demokratiya və Azadlıqlar Adası”nda keçirildi. Məhz bu toplantıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının bundan sonra Türk Dövlətləri Təşkilatı (TDT) kimi təsbit edilməsi qərara alındı.
Eyni zamanda, daha iki respublikanın – Özbəkistan və Türkmənistanın Türk Dövlətləri Təşkilatına qatılması ilə müstəqil türk dövlətlərinin eyni təşkilat tərkibində inteqrasiyası başa çatdı. Baş Nazir Viktor Orban səviyyəsində Macarıstanın toplantıda müşahidəçi qismində iştirak etməsinin ardınca 10-dan çox dövlətin TDT-yə qoşulma maraqları da diqqətə çatdırıldı.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan türk xalqları arasında münasibətlərin dərinləşməsi və genişlənməsi istiqamətində fəaliyyətləri TDT-nin əsas strateji hədəfləri kimi müəyyənləşdirdi: “Yeni addım və mövqeyimiz olan Türk Dövlətləri Təşkilatı ilə bundan sonra daha sürətli, xüsusi israrla kök salacaq, böyüyəcək, inkişaf edəcək və səpələnəcəyik... Mədəniyyətin beşiyi olan Türküstan coğrafiyası yenidən bütün bəşəriyyətin cazibə və işıqlanma mərkəzi olacaq.”

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Səkkizinci Zirvə Görüşündəki çıxışında cənab R.T.Ərdoğanın Altaylardan Balkanlaradək azman türk dünyasının Renessans epoxasını yaratmaq məramı daşıyan mövqeyini dəstəkləyərək söylədi: “Bugünkü Zirvə Görüşünün çox böyük tarixi əhəmiyyəti var. İlk növbədə, ona görə ki, biz Şuramızı Təşkilata çeviririk və bu Təşkilatın çox gözəl gələcəyi var. Çünki bu Təşkilatın təməlində təbii müttəfiqlər dayanır və həm tarix, həm mədəniyyət, həm bizim ənənələrimiz, bizim adət-ənənələrimiz bu birliyi diktə edir. Eyni zamanda, indiki dünyada təhlükələr hər ay, hər il yaranır və əfsuslar olsun ki, dünyanın aparıcı ölkələri bu təhlükələrə qarşı düzgün addımlar ata bilmirlər və əminəm ki, Türk Dövlətləri Təşkilatının təkcə ölkələrimiz, xalqlarımız üçün deyil, dünya üçün önəmi bundan sonra da artacaq. Çünki bizim işbirliyimiz səmimidir, biz hamımız qardaşıq, bir-birimizə qardaş deyirik, biz hamımız ənənəvi dəyərlər üzərində ölkələrimizi inkişaf etdiririk. Bizim xalqlarımız arasındakı birlik, qardaşlıq gündən-günə möhkəmlənir və biz bu gün böyük coğrafiyanı əhatə edirik, böyük iqtisadi, siyasi, hərbi gücü bu coğrafiyada ehtiva edirik”.
Səkkizinci Zirvə Görüşündə çıxış edən Qazaxıstanın Birinci Prezidenti – Elbaşı Nursultan Nazarbayev, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Macarıstanın Baş naziri Viktor Orban Azərbaycanın Vətən Müharibəsində qazandığı qələbə, son illərdə əldə etdiyi nailiyyətlər, həmçinin, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına iki illik uğurlu sədrliyi münasibətilə Prezident İlham Əliyevi təbrik etdilər.
Azərbaycan Prezidenti bu sammitdə “Azərbaycanın qələbəsi türk dünyasının coğrafiyasını bütövləşdirir” – paradiqmasını irəli sürdü. Bu paradiqmanın başlanğıc addımı isə məhz türkdilli ölkələrin funksional inteqrasiyasını nəzərdə tutur. Bu baxımdan Türk Dövlətləri Təşkilatının yaradılması türk dünyasının çağdaş inteqrasiya meyllərini özündə əks etdirən böyük siyasi hadisədir. Bununla da biz son 300 ildə böyük imperiyalardan kiçik xanlıqlara qədər xırdalanaraq nəhəng güclər tərəfindən udulan türk dünyasının XXI əsrdə yenidən bütövləşməsi prosesinin şahidi və iştirakçısı oluruq. Bu gün Türk Şurasından Türk Dövlətləri Təşkilatına çevrilən, gələcəkdə isə Türk Dövlətləri Təşkilatından Türk Dövlətləri Birliyinə yüksələcək siyasi təsisatın yaranacağı isə dünya siyasi tarixinin qanunauyğunluğu və dünya türklüyünün tarixi taleyidir.

Cavanşir Feyziyev
Millət vəkili, Fəlsəfə doktoru
Xəbəri paylaş