Newscenter.az.17.11.2021. Milli Məclisin deputatı Jalə Əhmədova noyabrın 17-də Milli Məclisin plenar iclasında keçirilən büdcə müzakirələri zamanı çıxış edib. Deputat çıxışında sosial sahə ilə bağlı bir sıra vacib məqamlara toxunub. Millət vəkili həmçinin deputat seçildiyi Salyan rayonun bir sıra problemləri barədə də danışıb və həmin problemləri hökumət üzvlərinin diqqətinə çatdırıb.
Newscenter.az həmin çıxışı təqdim edir:
Hörmətli Sahibə xanım,
Hörmətli həmkarlarım,
Hörmətli hökumət və media nümayəndələri,
Mən, qanunvericiliyin tələblərinə uyğun olaraq hazırlanmış 2022-ci ilin büdcə layihələrini müsbət dəyərləndirirəm. Burada layihələrin sosialyönümlü olması, həmçinin əmək haqlarının, pensiyaların, müavinətlərin və digər ödənişlərin artımını xüsusi olaraq qeyd etmək istəyirəm. 2022-ci il büdcə layihələrində idxal edilən bəzi malların vergidən azad edilməsi öz əksini tapıb. Habelə vətəndaşlarımızın sosial müdafiəsinin təmin edilməsi, növbəti il yanvarın 1-dən əməkhaqqı və əmək pensiyalarının, təqaüdlərin və digər sosial ödənişlərin artırılması, minimum aylıq əməkhaqqının 250 manatdan 300 manata qaldırılması nəzərdə tutulub ki, bu da ilk növbədə xalqın rifahının yaxşılaşdırılması deməkdir.
Büdcədə, işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması, Silahlı Qüvvələrimizin müdafiə qabiliyyətinin daha da möhkəmləndirilməsi, dövlətimizin milli təhlükəsizliyinin gücləndirilməsi, azad olunmuş ərazilərdə hərbi hissələrin yerləşdirilməsi, dövlət sərhədlərinin etibarlı qorunması məqsədləri üçün ayrılmış xərclər Azərbaycanın qüdrətindən, müharibədən çıxmağımıza baxmayaraq ölkəmizin güclü iqtisadiyyata sahib olmasından xəbər verir.
Həmçinin regional inkişaf, bölgələrdə məşğulluğun təmin olunması, kənd təsərrüfatının inkişafına dair prioritetlərin yerinə yetirilməsi ilə bağlı məsələlərin maliyyələşməsi nəzərə alınıb. Bu da təbii olaraq bölgələrin inkişafında öz müsbət təsirini göstərəcəkdir. Yeri gəlmişkən təmsil etdiyim Salyan rayonunda bir sıra problemləri qeyd etmək istərdim. Salyan şəhərində ən qlobal problem kanalizasiya sisteminin yoxluğudur. Şəhərdə Mədəniyyət evi, Gənclər evi yoxdur, idman meydançaları yox səviyyəsindədir. Şəhərin bəzi küçələrində, həmçinin kəndlərin bir çoxunda elektrik xətləri dəyişdirilməlidir, yeni transformatorlara böyük ehtiyac var. Rayonun Xocalı və Ərəbqardaşbəyli kəndləri hələ də qazlaşdırılmayıb, Marışlı, Şorsulu kənd məktəbləri qışda odunla qızdırılır. Bir çox kənd məktəblərinin əsaslı təmirə ehtiyacı var. Salyanın kəndlərində mədəniyyət evləri, kitabxanalar, bağçalar tikilməlidir, bu həm də bölgədəki işsizliyə töhfə olardı. Həmçinin içməli su, internet, işıq, yol problemləri qlobal problem olaraq qalmaqdadır.
Hesablama Palatasının Dövlət Sosial Müdafiə Fondunun 2022-ci il büdcə layihəsi haqda rəyində bildirilir ki, Azərbaycanda pensiyaçıların sayı üzrə 2022 və 2023-cü ilin əvvəllərinə tərtib edilmiş proqnoz göstəricilərinə əsasən, 2022-ci ildə pensiyaçıların sayında azalmalar olacaq. Rəydə müxtəlif səbəblərlə yanaşı, pensiya kapitalı və ya sığorta stajına görə müəyyən edilmiş tələblər göstərilib.
Hesablama Palatasının rəyində qeyd edilmiş tələblər həqiqətən də vətəndaşların pensiyaya çıxmasında əngəllər yaradır. Güzəştli şərtlərlə pensiyaya çıxmaq üçün pensiya kapitalının 39.600 manat təşkil etməsi zərərli sahədə çalışan vətəndaşların ən böyük problemidir. 30 illik iş stajının 12 il 6 ayını zərərli istehsalatda çalışmış vətəndaş güzəştli şərtlərlə pensiya təyinatı üçün müraciət etdiyi DSMF-dən imtina cavabı alır və DSMF bunu onunla əsaslandırır ki, 61 yaşlı vətəndaşın pensiya kapitalı, tələb olunan 39.600 manat pensiya kapitalından aşağıdır. 34.500 manat sosial kapitalı olan 61 yaşlı vətəndaş 39.600 manat sosial kapitalı neçə ilə toplamalıdır? Onu da qeyd edim ki, 2020-ci il iyun ayında mətbuatda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bu kateqoriyadan olan vətəndaşlar üçün pensiya qanunvericiliyində dəyişikliklər edilməsinə dair yeni layihə hazırlaması və layihədə pensiya kapitalının məbləğinin 30 faizə qədər azaltması təklifi barədə məlumatlar yer almışdı. Amma həmin təklifin aqibəti haqda məlumat bu gün də yoxdur.
Mənə yaradılmış şəraitdən istifadə edərək Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinin, qazilərin və müharibə iştirakçılarının iş probleminə də toxunmaq istəyirəm. Təbii ki, bu kateqoriyadan olan şəxslərə dövlətimiz, dövlətimizin başçısı tərəfindən hər bir diqqət və qayğı göstərilir. Lakin gəlin dövlət başçımızın bu siyasətinə dəstək olaraq biz də üzərimizə düşəni edək. Onların işlə təmin edilməsinə əngəl deyil, yardım göstərək. Hörmətli Sahibə xanımın şəhid anasını və qazimizi Milli Məclisdə işlə təmin etməsi digər dövlət qurumlarının rəhbərlərinə, iş adamlarına, sahibkarlara örnək olmalıdır. Müzəffər Ali Baş Komandanımızın ətrafında sıx birləşərək Azərbaycanın suverenliyi uğrunda qəhrəmanlıqlar göstərmiş igidlərimizin işlə təmin olunması üçün bacardığımızı əsirgəməməliyik.
Diqqətinizə görə təşəkkür edirəm.
Jalə Əhmədova
Milli Məclisin deputatı