Newscenter.az.17.11.2021. Noyabrın 16-da Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Avropa İttifaqının Azərbaycanda yeni təyin olunmuş nümayəndəsi Peter Mixalko ilə görüşüb.
Dövlət Komitəsindən Newscenter.az-a verilən məlumaat görə, Peter Mixalkonu yeni və vacib vəzifədə fəaliyyətə başlaması münasibətilə təbrik edən Dövlət Komitəsinin sədri ona işlərində uğurlar arzulayıb.
Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə qaçqın və məcburi köçkünlərlə iş sahəsində həyata keçirilən dövlət siyasətinin əsas istiqamətləri haqqında qonağa məlumat verilib. Qeyd edilib ki, onların sosial problemlərinin həllinə daim xüsusi diqqət yetirilir. Birinci vitse-prezident xanım Mehriban Əliyevanın bu kateqoriyadan olan vətəndaşlara həssas və qayğıkeş münasibət göstərdiyi vurğulanıb.
Bildirilib ki, məcburi köçkünlərin mütləq əksəriyyəti ötən il işğaldan azad edilmiş ərazilərə - öz daimi yaşayış yerlərinə qayıtmaq istəyir. Könüllülük prinsipi ilə həyata keçiriləcək qayıdış prosesi həmin ərazilərdə təhlükəsizlik və laqyiqli həyat şəraiti təmin edildikdən sonra başlanacaq. Prezidentin tapşırıqlarına əsasən, hazırda dövlət qurumları bununla bağlı məsələləri həll etmək məqsədilə əlaqəli fəaliyyət göstərirlər.
Görüşdə qaçqınlıq və məcburi köçkünlüklə bağlı məsələlərin həllində beynəlxalq təcrübənin müxtəlif aspektləri, bunların ölkəmizdə tətbiqi imkanları barəsində fikir mübadiləsi aparılıb.
Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Peter Mixalko səmimi qəbula görə təşəkkür edib. O, Azərbaycan vətəndaşlarının 30 ilə yaxın müddətdə qaçqın və məcburi köçkün kimi yaşamağa məcbur olmasından təəssüf hissi keçirdiyini bildirib. Peter Mixalko qeyd edib ki, qaçqın və məcburi köçkünlərin tezliklə, təhlükəsiz, könüllü və ləyaqətli formada doğma yurdlarına qayıdacağına inanır.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.
Sevinc