Newscenter.az.17.11.2021. DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Newscenter.az-a verilən məlumata görə, Saatlı Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə S.Vurğun adına 2 saylı tam orta məktəbdə “Narkomaniyaya yox deyək” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Rayon İcra Hakimiyyətinin, Təhsil şöbəsinin nümayəndələri, RPŞ-nin əməkdaşları, məktəbin pedaqoji heyəti və yuxarı sinif şagirdləri iştirak ediblər.
Tədbirdə çıxış edən RPŞ-nin rəisi, polis polkovniki Azər Tağıyev müasir dövrümüzün ən ağrılı problemlərindən biri olan və ən başlıcası, cəmiyyətin ciddi bəlasına, onun inkişafı üçün təhlükə mənbəyinə çevrilən narkomaniyanın fəsadlarından bəhs edib. O bildirib ki, narkotik qəbul etmək təklifinə aldanan gənclər çox vaxt bu vasitələrin təhlükəliliyi haqqında informasiyaya malik olmurlar. Hamin maddələrdən istifadə etdikdə isə onlarda dəhşətli vasitəyə ömürlük asılılıq yaranır, vaxt keçdikcə cəmiyyətdən təcrid olunmağa başlayırlar. Ona görə də, gənc və yeniyetmələrin antinarkomaniya ruhunda tərbiyə olunmasında əsas vəzifə valideynlərin, müəllimlərin və bütün ziyalıların üzərinə düşür.
Daha sonra çıxış edən digər iştirakçılar erkən nigah və dini radikalizm mövzusunda danışaraq, cəmiyyətdə rast gəldiyimiz belə halların doğurduğu sosial problemlər, fizioloji fəsadlar və ailə zorakılığı barədə geniş məlumatlar veriblər.
Görüşün sonunda gəncləri maraqlandıran suallar cavablandırılıb.
Mehman