Newscenter.az.17.11.2021. 17 Noyabr – Milli Dirçəliş Günü münasibətilə qələmə alınan yazıların əksəriyyətində həmin tarixi gündə xalqımızın nümayiş etdirdiyi mütəşəkkilliyin miqyasını göstərmək üçün belə bir atalar deyimindən istifadə edilir: “El gücü, sel gücü!” Həmin gün haqqında danışan ulu öndər Heydər Əliyev isə demişdi ki, xalqın qanında yaşayan azadlıq istəyinin, müstəqillik arzusunun qabağını heç bir qüvvə, hətta ən güclü sel belə kəsə bilməz.
Doğrudan da, elə oldu. Azərbaycan xalqının qanındakı azadlıq arzusu ötən əsrin səksəninci illərinin sonlarında elə şövqlə özünü göstərdi ki, onun qarşısını tanklarla silahlanmış Sovet qoşunları da kəsə bilmədilər. Xalq böyük qurbanlar bahasına öz arzusunu reallaşdırdı və həmin prosesin nəticəsi olaraq, həm müstəqil dövlət qazandıq, həm də Şəhidlər xiyabanı kimi müqəddəs ünvanlarımız yarandı.
Azərbaycanda xalq hərəkatının alovlandığı bir vaxtda ölkəyə rəhbərlik edən siyasi qüvvələr mövcud vəziyyəti qiymətləndirə bilmirdilər. Xalqın maraqlarından daha çox imperiyanın maraqlarını düşünən bu adamların siyasi səvatsızlığı ucbatından 20 Yanvar faciəsi baş vermişdi. Bir-birini əvəzləyən hakimiyyətlər xalqın dirçəlişini mütərəqqi səmtə yönəltmək iqtidarında deyildilər. Həmin o ağır məqamlarda yenə də ulu öndər Heydər Əliyev xalqın istiqlal ruhunu ölməyə qoymadı. O, həm 1990-cı il yanvarın 21-də – Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək, 20 Yanvar faciəsini lənətləyən bəyanat verməsi ilə, həm də, həmin il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının Ali Sovetinin yeni tərkibdə ilk sessiyasında atdığı addımlarla xalq azadlıq hərəkatımızın inkişafına möhtəşəm bir dəstək vermişdi.
İmperiyanın hələ tarix səhnəsindən silinmədiyi bir dövrdə Naxçıvan Muxtar Respublikasının adından “Sovet” və “Sosialist” sözlərinin çıxarılması müstəqilliyimizin qazanılması yolunda çox böyük tarixi addım idi. Bununla ümummilli liderimiz milli dövlətçiliyimizin dirçəlişi istiqamətində ilk böyük və uğurlu addım atmışdı.
Sonrakı proseslər isə sübut etdi ki, Prezident İlham Əliyevin dediyi kimi: “Azərbaycan xalqının iradəsini heç kim sındıra bilməz”
Azərbaycan xalqı əmindir ki, tezliklə Ulu Öndər Heydər Əliyevin layiqli siyasi varisi "Qüdrətli Sərkərdə" İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş torpaqlarımızından sonra üçrəngli dövlət bayrağımız qədim türk torpağı olan Zəngəzurda dalğalanacaq.
Aygül Bağırova
YAP fəalı
Azərbaycan Jurnalistlər Birliyinin üzvü