Newscenter.az.20.11.2021. Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın və ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan arasında telefon danışığı olub.
"Report" Türkiyə mətbuatına istinadən xəbər verir ki, danışıqlarda Romada keçirilən "Böyük İyirmilik" (G20) ölkələrinin sammitində Türkiyə və ABŞ prezidentləri arasında razılaşdırılmış ortaq strateji mexanizmin detalları müzakirə edilib.
Telefon söhbəti zamanı ikitərəfli siyasi və iqtisadi əlaqələr, müdafiə sahəsində əməkdaşlığın inkişafı, qlobal və regional məsələlər (Əfqanıstandakı siyasi vəziyyət və humanitar yardım, Suriyanın ərazi bütövlüyü və terrorizmə qarşı mübarizə, Liviyadakı siyasi proseslər və seçkilər, Belarus-Polşa sərhədində və Şərqi Aralıq dənizindəki gərginlik) müzakirə edilib.
Tərəflər, həmçinin Azərbaycanın işğaldan azad edilən Qarabağ bölgəsində sülhün və sabitliyin daimi olması ilə bağlı müzakirələr aparıblar.