Newscenter.az.20.11.2021. “Vətən müharibəsində əldə edilmiş qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, 2020-ci ilin noyabr ayının 20-də Ağdam rayonunun işğal olunmuş ərazisi Azərbaycana təhvil verilib və bununla da əsaslı şəkildə insan tələfatının qarşısı alınıb. Bu, eyni zamanda, onun göstəricisidir ki, Azərbaycan müharibəni həm döyüş meydanında, həm siyasi müstəvidə qazanıb. Bununla da, Azərbaycan xalqı özü beynəlxalq qanunlarının aliliyini və tarixi ədaləti bərpa edib”.
Newscenter.az xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.
Ramil Vəlibəyov bildirib ki, 2020-ci il noyabrın 26-da “Ağdamın azad olunmasına görə” medalı təsis edilib və müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə Ağdam rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 5770 hərbi qulluqçusu “Ağdamın azad olunmasına görə” medalı ilə təltif olunub.
Ramil Vəlibəyov vurğulayıb ki, 1993-cü ildə Ağdam 42 gün davam edən döyüşlərdən sonra Ermənistan tərəfindən işğal edilmişdi:
“Həmin dövrdə Ağdamın işğalı ilə bağlı dünya ictimaiyyəti yekdil mövqe ifadə etmişdi. ATƏT-in Minsk qrupunun 9 ölkəsi adından bu hücum qətiyyətlə pislənmiş, işğal olunmuş ərazilərdən qoşunların çıxarılmasına çağırış etmişdi. 1993-cü il 29 iyul tarixində BMT-nin Təhlükəsizlik Şurasının 853 saylı qətnaməsi qəbul olunmuşdu. Qətnamədə işğalçı qüvvələrin Ağdam rayonu və digər işğal edilmiş Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb edildi. Lakin Ermənistan tərəfi beynəlxalq qanunlara tabe olmaqdan yayınırdı. Eyni zamanda, o zaman Ağdam uğrunda gedən döyüşlər zamanı 6 mindən artıq insan şəhid olmuş, minlərlə insan yaralanmış, əhali öz doğma ev-eşiyindən qovularaq məcburi köçkün kimi Azərbaycanın 59 rayonunun 875 yaşayış məntəqəsində məskunlaşmışdı”.
“Təsadüfi deyildi ki, Ağdamı xarici və yerli jurnalistlər Qafqazın Xirosiması adlandırıblar” – deyən Ramil Vəlibəyov əlavə edib ki, işğaldan azad olunmuş Ağdam erməni vandalizminin şahididir:
“Azad edilmiş torpaqlarda hər şey dağıdılıb. Ermənistan qəsdən mədəni və dini abidələrimzi vandalizmə məruz qoyub, təhqir və qarət edib. İşğalçı Ermənistan Cenevrə Konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq, Ağdam rayonunda coğrafi adların dəyişdirilməsi, oradakı mülkiyyətin talan edilməsi və ərazilərin yandırılması kimi qeyri-qanuni əməllər törədib. Ümumiyyətlə, Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş rayonların azərbaycanlı sakinlərinə qarşı etnik təmizləmənin törədilməsi Ermənistanın əsl niyyətinin hərbi təcavüz və işğal yolu ərazi əldə edilməsi olduğunu qabarıq şəkildə nümayiş etdirib”.
Ramil Vəlibəyov diqqətə çatdırıb ki, bir zamanlar “Qafqazın Xirosiması” adlandırılan Ağdam indi cənnətə çevrilməkdədir:
“Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi il Ağdamın əvvəlki şöhrəti bu rayona qaytarılacaq. Ağdam şəhərinin Baş Planı əsasında şəhər planlı şəkildə bərpa olunacaq. 2021-ci 28 may tarixində həmin Baş Plan Azərbaycan ictimaiyyətinə təqdim olunmuşdu. 2020-ci il noyabrın 23-də Ağdam şəhərində Azərbaycan bayrağını qaldıran Prezident İlham Əliyevin demişdi ki, “dağılmış Ağdam şəhəri erməni vəhşiliyinin şahididir. Biz Ağdam şəhərini bərpa edəcəyik, bütün kəndləri bərpa edəcəyik. Heç kimdə bu haqda şübhə olmasın. Bu, böyük iş olacaqdır”. Altı sonra Ağdama səfər çərçivəsində dövlət başçısı Bərdə-Ağdam avtomobil yolunun, 125 hektarlıq Ağdam şəhər meşə-parkında ağacların əkilməsi, Ağdam şəhərində inşa olunacaq ilk yaşayış binasının, Ağdam Sənaye Parkının, Zəfər muzeyinin və açıq hava altında İşğal muzeyinin, 140 illik tarixi olan Ağdam şəhər 1 saylı məktəbin yeni binasının təməlqoyma və Ağdam şəhərinin bərpasının təməl daşının qoyulması mərasimlərində iştirak etdi. Məhz bu fakt da bir daha müzəffər Ali Baş Komandanın və Azərbaycan dövlətinin işğaldan azad olunmuş ərazilərin cənnətə çevrilməsi işindəki iradəsini, qətiyyətini nümayiş etdirir”.
Ruhiyyə