Newscenter.az.20.11.2021. Energetika naziri Pərviz Şahbazov BMT-nin ölkəmizdə yeni təyin olunmuş rezident əlaqələndiricisi xanım Vladanka Andreyeva ilə görüşüb.
Newscenter.az Energetika Nazirliyinə istinadən xəbər verir ki, nazir V.Andreyevanı bu vəzifəyə təyin olunması münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb. O, Qlazqoda baş tutmuş BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 26-cı Sessiyasında Azərbaycanın yeni hədəflə çıxış edərək, istixana qazı emissiyalarının azaldılması ilə bağlı əlavə könüllü öhdəlik götürdüyünü bir daha diqqətə çatdırıb.
Görüşdə bu ilin mart ayında imzalanmış 2021-2025-ci illər üzrə “BMT və Azərbaycan Respublikası Hökuməti arasında Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədi”nin icrasından irəli gələn məsələlərə toxunulub. Sənəd çərçivəsində enerji keçidinin vacib elementləri, o cümlədən bərpa olunan enerji, enerji səmərəliliyi, “yaşıl artım” və karbonsuzlaşdırma istiqamətləri üzrə əməkdaşlığın perspektivləri müzakirə edilib. Dayanıqlı enerji sahəsində milli hədəflər və qlobal təşəbbüslər arasında ahəngin təmin edilməsi üçün birgə fəaliyyət mexanizmləri nəzərdən keçirilib.
Sevinc