Newscenter.az.20.11.2021. “Noyabrın 18-də BMT Baş Assambleyanın 3-cü komitəsində Prezident İlham Əliyevin COVİD-19 pandemiyası ilə mübarizəyə və peyvənd millətçiliyinə dair təşəbbüsü əsasında qətnamə layihəsi müzakirə olunaraq qəbul edilib. 171 ölkə qətnamənin lehinə səs verib. Ümumiyyətlə, heç bir ölkə qətnamənin əleyhinə səs verməyib. Bu da bir daha onu isbatlayır ki, beynəlxalq ictimaiyyət Azərbaycan Prezidenti cənab İlham Əliyevin COVİD-19 pandemiyasına, peyvənd millətçiliyinə qarşı qlobal mübarizəsini və təşəbbüslərini dəstəkləyir”.
Newscenter.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.
Sədaqət Vəliyeva xatırladıb ki, bu il sentyabrın 24-də BMT Baş Assambleyasının 76-cı sessiyasının illik ümumi müzakirələrində video müraciət vasitəsilə çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev bir daha dünyada mövcud olan peyvənd millətçiliyini qınayıb və Azərbaycan tərəfindən Qoşulmama Hərəkatı adından peyvəndlərə bərabər, universal çıxışının təmin edilməsi ilə bağlı BMT Baş Assambleyasında da qətnamənin irəli sürüləcəyini elan etmişdi.
Sədaqət Vəliyeva vurğulayıb ki, qəbul olunan qətnaməyə münasibətdə bitərəf qalmış 7 ölkədən birinin regionda ən az peyvəndləmə səviyyəsinə malik Ermənistandır. Bu da Ermənistanın bütün sahələrdə, hətta humanitar məsələlərdə də Azərbaycanın nailiyyətlərini qısqanclıqla qarşılamasının nümunəsidir.
“Sözügedən qətnamə layihəsinin qəbul olunması bir daha təsdiq edir ki, Azərbaycan Qoşulmama Hərəkatının sədri qismində COVID-19 pandemiyasına qarşı mübarizə naminə beynəlxalq səylərin səfərbər edilməsi sahəsində qlobal liderliyini davam etdirir” – deyən Sədaqət Vəliyeva əlavə edib ki, dünya ölkələrinin əksəriyyəti özünə qapandığı dövrdə Azərbaycanın pandemiyanın öhdəsindən gəlmək üçün beynəlxalq həmrəyliyi və əməkdaşlığı təbliğ edən ilk ölkələrdən olub:
“Sirr deyil ki, varlı və kasıb ölkələr arasında peyvəndlərə çıxışla bağlı getdikcə dərinləşən qeyri-bərabərliyə qarşı mübarizə davamlı olaraq Qoşulmama Hərəkatının sədri olan Azərbaycan Prezidenti İlham Əliyevin gündəliyində olub. Qlobal mübarizəyə töhfə məqsədilə Azərbaycanın koronavirusla bağlı 30-dan çox ölkəyə humanitar və maliyyə yardımları edib, Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları məbləğində könüllü maliyyə ayırıb. Bu yaxınlarda isə dörd ölkəyə təmənnasız olaraq 150 min doza vaksin təqdim edib. Bütün bunlarla yanaşı Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının 2020-ci ilin may ayında Zirvə toplantısı, 2020-ci ilin dekabr ayında 150-dən artıq dövlətin dəstəyi ilə BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində Xüsusi Sessiyası keçirilib, eləcə də Prezident İlham Əliyevin tapşırığı ilə Azərbaycan Qoşulmama Hərəkatı adından BMT-nin İnsan Hüquqları Şurasında irəli sürdüyü “Bütün ölkələrin peyvəndlərə bərabər və universal çıxışının təmin edilməsi” adlı qətnamənin 2021-ci ilin mart ayında yekdilliklə qəbul olunub. Sadalanan faktlar bir daha isbatlayır ki, Prezident İlham Əliyevin COVİD-19 ilə qlobal mübarizəyə dair təşəbbüsləri və töhfələri dünya tərəfindən qəbul edilir, dəstəklənir”.
Ruhiyyə