Newscenter.az.20.11.2021. "Bu gün Vətən müharibəsində qazandığı tarixi Qələbəsilə özünün ərazi bütövlüyünü təmin edən, bütün sahələdrdə dinamik inkişafa nail olan Azərbaycan müstəqil daxili və xarici siyasət yeridir. Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövlətinin apardığı bu uğurlu siyasət kursu bütün dünyada ölkəmizin nüfuzunun durmadan artmasını təmin edib".
Newscenter.az xəbər verir ki. bu fikirləri Milli Məclisin deputatı Kəmaləddin Qafarov səsləndirib. O bildirb ki, bu gün Azərbaycanda demokratik mühit, ifadə azadlığı, sağlam vətəndaş cəmiyyətinin varlığı artıq heç kəsin inkar edə bilməyəcəyi bir həqiqətdir:
"Lakin bu da bir həqiqətdir ki, bu gün dünyada Azərbaycanın öz iradəsi ilə hərəkət etməsini həzm edə bilməyən, ölkəmizin inkişafından və güclənməsindən narahatlıq keçirən bəzi əcnəbi güclər də mövcuddur. Məhz sözügedən bu dairələr hələ də ölkəmizin daxili və xarici siyasət xəttini istədikləri istiqamətə yönəltmək kimi boş xülyalara qapılır, Azərbaycana müxtəlif vasitələrlə təzyiq göstərməyə çalışırlar. Təəssüf ki, ölkə daxilində olan bəzi siyasi qüvvələr də öz marginal maraqları naminə həmin dairələrin təsiri altına düşür və onların himayəsini qəbul edərək bunun müqabilində Azərbaycanda gedən inkişafa kölgə salmağa, reallıqları təhrif olunmuş formada təqdim etməyə çalışırlar."
Deputat qeyd edib ki, bu gün məqsədi heç də demokratik cəmiyyət quruculuğuna yardım etmək yox, əksinə, vətəndaş qarşıdurması və idarə olunan xaos yaratmaq olan bəzi siyasi partiyaların fəaliyyəti Azərbaycan cəmiyyətinin maraqlarına, milli mənafeyinə tamamilə ziddir və bu fəaliyyətin siyasi və hüququ məsuliyyətə cəlb edilməsi üçün zəruri tədbirlərin nəzərdən keçirilməsi vacibdir:
"Sirr deyil ki, bu gün bütün dünyada QHT-lər, siyasi partiyalar və ya digər istər siyasi, istərsə də vətəndaş cəmiyyəti institutu cildinə girən, məqsədləri isə heç də demokratik cəmiyyət quruculuğuna yardım etmək yox, əksinə, siyasi, dini, etnik zəmində vətəndaş qarşıdurması və idarə olunan xaos yaratmaq olan, beynəlxalq və lokal səviyyələrdə fəaliyyət göstərən təxribatçı qruplardan təzyiq aləti kimi istifadə olunması halları geniş yayılıb. Bu gün bütün dünyada müəyyən siyasi, iqtisadi beynəlxalq mərkəzlərin sifarişi və maliyyə dəstəyi ilə ayrı-ayrı ölkələrdə daxili sabitliyi pozmaqda maraqlı olan çoxlu sayda qurum və təşkilatlar fəaliyyət göstərir. Bu qüvvələr, ilk növbədə, hədəf seçdikləri ölkələrin daxilində özlərinə köməkçilər tapırlar. Əlbəttə ki, belə köməkçilər əksər hallarda hakimiyyətə müxalif mövqelərdən çıxış edən təşkilatlar arasından seçilir.
Bu gün Azərbaycanın da dünyada mövcud olan ermənipərəst qüvvələrin hədəfində olduğu danılmaz faktdır. Nəzərə almaq lazımdır ki, bu gün Ermənistan hələ də tarixi 10 noyabr Üçtərəfli Bəyanatının şərtlərini əməl etməkdən yayınmağa cəhd göstərir və bu məqsədlə Azərbaycanla sərhəddə yeni təxribatlar törətməkdədir. Belə bir şəraitdə ölkəmizdə Azərbaycan dövləti tərəfindən yaradılmış imkanlardan bəhrələnən siyasi partiyaların və ya digər müxalif qurumların hansısa şəxsi maraqları naminə düşmən dəyirmanına su tökmələri tamamilə yanlış mövqedir və bu kimi halların qarşısı qətiyyətlə alınmalıdır".
Kəmaləddin Qafarov daha sonda qeyd edib:
"Bu gün Azərbaycanın danılmaz uğurlarını hədəfə alaraq xalqı aldatmağa çalışan və bununla bir tərəfdən gündəmdə qalmaq, digər tərəfdən də xaricdəki sifarişçilərinin tələblərini yerinə yetirmək məqsədi güdən radikal müxalifətin fəaliyyəti xalqımızın maraqlarına tamamilə ziddir və düşünürəm ki, bu kimi fəaliyyətin məhdudlaşdırılması barədə müakirələrə başlamağın tam zamanıdır. Şübhəsiz, bu gün Azərbaycanda mövcud olan güclü xalq-iqtidar birliyi, xalqın öz Prezidentinə, Müzəffər Ali Baş komandanına olan böyük inam və etimadı əsla sarsılmaz bir səviyyədədir. Sağlam düşüncəyə sahib olan hər bir vətəndaşımız yaxşı bilir ki, dövlət başçımızın siyasətinin mərkəzində məhz Azərbaycan vətəndaşı və onun rifahı dayanır. Azərbaycan xalqı özünün dostlarını da, düşmənlərini də yaxşı tanıyır. Bu səbəbdən də, cəmiyyətimizə, dövlətimizə və ölkəmizə düşmən kəsilən bu cür ünsürlərin təxribatyönlü fəaliyyətləri heç bir nəticə verməyəcəkdir".
Mehman