Newscenter.az.20.11.2021. Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyanın dekabrın 15-ə Brüsselə planlaşdırılan görüşü çox yanlış olaraq bizdə Rusiya əleyhinə atılacaq addım kimi şərh edilir.
Əksinə, hadisələrin gedişi göstərir ki, Rusiya öz hərbçilərinin bölgəyə yerləşməsinə və uzun müddət burada qalmasına legitimlik qazandırmaq üçün danışıqlar prosesinə Qərb institutlarının da cəlbində, məsuliyyətin onlarla bölüşülməsində maraqlıdır. Çünki Rusiya əsas məqsədinə nail olub - hərbi qüvvələrini Qarabağa yerləşdirməklə, faktiki, həm Azərbaycanı, həm də Ermənistanı, azı, qarşıdakı 4 ildə özüylə hesablaşmaq məcburiyyətində qoyub.
Dağlıq Qarabağdakı faktiki durum, həmçinin Ermənistan-Azərbaycan sərhədlərində yaşanan son hadisələr isə təsdiqləyir ki, Putin demiş, Rusiya hərbçilərinin "sülhməramlı missiyası"na uzun müddət "ehtiyac olacaq" və savaşı yenidən körükləyib idarə etmək mexanizmi də hələlik Kremlin əlindədir.
İndi Rusiya üçün önəmli olan Rusiya hərbçilərinin bu statusunu onun bölgədə hərbi iştirakını arzulamayan Qərbə də qəbul etdirməkdir.
44 günlük savaşın gedişi və Azərbaycan Prezidentinin də atəşkəs sənədinə imza atması göstərir ki, prezident Əliyev gözlənilən 15 dekabr görüşündə də Rusiyanın bölgədə yerləşməsinə qarşı çıxmayacaq, onun maraqlarına qarşı getməyəcək.
Paşinyanın Rusiyaya qarşı müqavimət imkanları isə getdikcə rükənir və onu himayə edən Qərb dövlətləri də anlayırlar ki, bölgədə "rus planı"nın həyata keçməsinə qarşı dirənişi Nikolun devrilməsi, hətta öldürülməsi ilə nəticələnə bilər. Bu səbəbdən, Ermənistan rəhbərliyinin də 15 dekabrdakı görüşdə Rusiya hərbçilərinin statusu ilə bağlı məsələdə fərqli mövqe tutacağı, Qərb silahlılarını bölgəyə gətirmək təklifini səsləndirəcəyi az ehtimal ediləndir.
Dəfələrlə yazdığımız kimi, Qarabağ məsələsi yeganə münaqişədir ki, burada Qərb və Rusiya daha tez anlaşa, uzlaşa bilər.
Mənim indilikdə gözləntim budur ki, Brüssel görüşü Rusiya hərbçilərinin bölgədə yerləşmə faktının Qərb tərəfindən də qəbulu, tərəflər arasında qalıcı sülhün əldə edilməsi üçün Qərb-Rusiya əməkdaşlığının genişləndirilməsi və ATƏT Minsk Qrupunun fəaliyyətinin yenidən dirçəldilməsinə razılıq verilməsiylə yekunlaşacaq.
Buna qədərsə Azərbaycan Ermənistanla sərhədlərdəki strateji yüksəkliklərdə mövqeyini tam şəkildə gücləndirməlidir.
Elxan Şükürlü, politoloq