Newscenter.az.21.11.2021. 2021-ci il sentyabrın 24-də BMT Baş Assambleyasının 76-cı sessiyasının illik ümumi müzakirələrində video müraciət vasitəsilə çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev bir daha dünyada mövcud olan peyvənd millətçiliyini qınamış, Azərbaycanın Qoşulmama Hərəkatı adından peyvəndlərə bərabər və universal çıxışının təmin edilməsi ilə bağlı BMT Baş Assambleyasında da qətnamə irəli sürəcəyini elan etmişdi. Noyabrın 18-də BMT Baş Assambleyanın 3-cü komitəsində (insan hüquqları və humanitar) sözügedən qətnamə layihəsi müzakirə olunaraq qəbul edildi, 171 ölkə qətnamənin lehinə səs verdi. Təqdirəlayiq haldır ki, heç bir ölkə qətnamənin əleyhinə səs vermədi. Sözügedən Qətnamə dekabr ayında bu dəfə artıq BMT Baş Assambleyasının plenar sessiyasında qəbul olunacaq.
Qeyd etmək lazımdır ki, qətnaməyə münasibətdə bitərəf qalmış 7 ölkədən biri regionda ən az peyvəndləmə səviyyəsinə malik Ermənistandır. Qeyd etmək lazımdır ki, bu, Ermənistanın bütün məsələlərə, hətta humanitar məsələlərdə də Azərbaycanın nailiyyətlərini qısqanclıqla qarşılamasının göstəricisidir.
Bu bir daha onu göstərir ki, Azərbaycanın Qoşulmama Hərəkatının sədri qismində COVID-19 pandemiyasına qarşı mübarizə naminə beynəlxalq səylərin səfərbər edilməsi sahəsində qlobal liderliyini uğurla davam etdirir, dünya ölkələrinin əksəriyyəti özünə qapandığı dövrdə Azərbaycanın pandemiyanın öhdəsindən gəlmək üçün beynəlxalq həmrəyliyi və əməkdaşlığı təbliğ edən ilk ölkə adını qürurla qoruyur.
Onu da qeyd edək ki, ötən dövrdə İ.Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının 2020-ci ilin may ayında təşkil edilmiş Zirvə toplantısı, 2020-ci ilin dekabr ayında 150-dən artıq dövlətin dəstəyi ilə keçirilmiş BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində Xüsusi Sessiyası keçirilmişdir.
Həmçinin, Möhtərəm Prezidentimizin tapşırığı ilə Azərbaycanın Qoşulmama Hərəkatı adından BMT-nin İnsan Hüquqları Şurasında irəli sürdüyü “Bütün ölkələrin peyvəndlərə bərabər və universal çıxışının təmin edilməsi” adlı qətnamə 2021-ci ilin mart ayında yekdilliklə qəbul olunmuşdur.
Qeyd etmək lazımdır ki, varlı və kasıb ölkələr arasında peyvəndlərə çıxışla bağlı getdikcə dərinləşən qeyri-bərabərliyə qarşı mübarizə davamlı olaraq Qoşulmama Hərəkatının sədri olan Azərbaycan Prezidenti cənab İlham Əliyevin hər zaman gündəliyində olub.
Eyni zamanda, Azərbaycan Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə koronavirusla bağlı 30-dan çox ölkəyə humanitar və maliyyə yardımları edib. Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları məbləğində könüllü maliyyə töhfəsi ayırıb, bu yaxınlarda dörd ölkəyə təmənnasız olaraq 150 min doza vaksin təqdim edib.
Bütün bunlar bir daha Prezident İlham Əliyevin təkcə Azərbaycanda deyil, dünya siyasətində özünəməxsus yeri olduğunu və onun bütün beynəlxalq səylərə dəstək verdiyini göstərir.
Ceyhun Məmmədov-Milli Məclisin deputatı