Newscenter.az.21.11.2021. 2020-ci ilin 27 sentyabrından başlayaraq dövlətçilik tariximizin ən şərəfli səhifələri yazıldı. 44 günlük Vətən müharibəsində Ali Baş Komandanın rəhbərliyi ilə Müzəffər Azərbaycan Ordusunun hərbi gücü, Prezident İlham Əliyevin Azərbaycana qarşı yönələn bütün diplomatik həmlələri yüksək peşəkarlıqla dəf etməsi sayəsində Füzuli, Hadrut, Cəbrayıl, Zəngilan, Qubadlı, Şuşa, kənd və qəsəbələrimiz, strateyi yüksəkliklərimiz əsl sahiblərinə qaytarıldı. Noyabrın 8-də xalqımızın mədəniyyət məbədi, musiqi beşiyi Şuşanı 28 illik işğaldan sonra ordumuz azad etdi. Noyabrın 10-da Azərbaycan və Rusiya Prezidentlərinin, habelə Ermənistanın baş nazirinin imzaladığı üçtərəfli bəyanat işğalçının kapitulyasiyasının hüquqi-rəsmi təsdiqi oldu. Ermənistanın kapitulyasiya aktına imza atması ilə Azərbaycan Vətən müharibəsindəki qələbəsini rəsmiləşdirdi. Üçtərəfli bəyanatın şərtlərinə əsasən noyabr ayının 20-də işğaldan azad olunan Ağdam rayonu tamamilə Azərbaycan Ordusunun nəzarəti altına keçdi. Azərbaycanın Ağdam rayonunu hərbi əməliyyat keçirmədən, siyasi yolla işğaldan azad edərək öz yurisdiksiyasına qaytarması da tarixə həkk olunmuş hadisələrdəndir. Ağdamın siyasi yolla azad olunması böyük hərbi və diplomatik qələbəmizin nəticəsi idi.
Noyabrın 20-də xalqa müraciətində Ağdamın işğaldan azad olunması münasibətilə bütün ağdamlıları ürəkdən təbrik edən, onların artıq məcburi köçkün olmadıqlarını, doğma dədə-baba torpaqlarına qayıdacaqlarını bildirən dövlət başçımız, Ali Baş Komandan İlham Əliyev qeyd etdi ki, əgər Azərbaycan Ermənistanı döyüş meydanında məğlub etməsəydi, işğalçı öz xoşu ilə bizim torpaqlarımızdan çıxmayacaqdı: "Ağdamın işğaldan azad edilməsi şanlı hərbi Qələbə nəticəsində mümkün olmuşdur. Əgər Azərbaycan Ermənistanı döyüş meydanında məğlub etməsəydi, Ermənistan öz xoşu ilə bizim torpaqlarımızdan çıxmayacaqdı. Bunu deməyə əsas verən bir çox amillər var. İlk növbədə, o bölgələrdə - işğal edilmiş torpaqlarda qurulmuş istehkamlar, oraya böyük vəsait xərclənib. O istehkamlar elə qurulub ki, Azərbaycan Ordusu oradan keçə bilməsin. Amma yenə də səhv etdilər. Bizim gücümüzü düzgün hesablaya bilmədilər. Bilmirdilər ki, bu gün Azərbaycan Ordusu, Azərbaycan vətəndaşı nəyə qadirdir. Bilmirdilər ki, bizi o Qələbəyə aparan həm gücümüzdür, texniki təchizatımızdır, həm də mənəvi ruhumuzdur. Bilmirdilər ki, Azərbaycan xalqı bütün bu illər ərzində bir arzu ilə yaşayır ki, öz dədə-baba torpağına qayıtsın. Bütün bu amillər və digər amillər bu Qələbəni şərtləndirdi”.
Ən əsası isə Azərbaycan Ordusu bir güllə belə atmadan, itki vermədən, yalnız Ermənistanı kapitulyasiyaya məcbur etməklə Ağdamı işğaldan azad etdi, düşmən BMT Təhlükəsizlik Şurasının 853 saylı qətnaməsinin tələblərini yerinə yetirməyə məcbur oldu. O qətnaməni ki, hələ 1993-cü il iyulun 29-da qəbul olunmuşdu. Sənəddə bütün hərbi əməliyyatların dərhal dayandırılması, işğalçı qüvvələrin Ağdam rayonundan dərhal, tam və qeyd-şərtsız çıxarılmasını tələb edirdi. Lakin ötən 27 ildə Ermənistan bu qətnamənin tələblərini yerinə yetirmədi. Məsələyə məsul ATƏT-in Minsk qrupunun həmsədrləri qətnamənin icrasına əməl etməyən işğalçının əməllərinə biganə qaldılar. Haqq savaşına qalxan Azərbaycan işğalçını BMT Təhlükəsizlik Şurasının 853 saylı qətnaməsinin tələblərini güc yolu ilə yerinə yetirməyə məcbur etdi. Döyüş meydanında parlaq Qələbə qazanan Azərbaycan siyasi meydanda da istəyinə nail oldu.
Ağdamı xarici və yerli jurnalistlər Qafqazın Xirosiması adlandırıblar. İşğaldan azad olunmuş Ağdam erməni vandalizmin şahididir. Azad edilmiş torpaqlarda hər şey dağıdılıb.Ermənistan qəsdən mədəni və dini abidələrimzi vandalizmə məruz qoymuş, təhqir və qarət etmişdir. Ermənistanın işğalına qədər Ağdam nəinki Qarabağ bölgəsinin, eləcə də respublikanın inkişaf etmiş şəhərlərindən biri idi. Ermənilər işğal etdikləri Ağdam şəhərində və rayonun kəndlərində yaşayış evlərini, ictimai binaları, məktəbləri, uşaq bağçalarını, xəstəxanaları, istehsal müəssisələrini talan edib, dağıdıb və yandırıblar. Vaxtilə Azərbaycanın ən gözəl şəhərlərindən olan Ağdamın yerində xarabalıqlar qalmışdı. Erməni vandalları, hətta Şəhidlər xiyabanını, qəbiristanlıqları da dağıdıblar. 1868-1870-ci illərdə memar Kərbəlayi Səfixan Qarabaği tərəfindən tikilən “Qarabağ məscid memarlığı” məktəbinə aid olan Ağdam Cümə məscidi ermənilər tərəfindən dağıntılara məruz qalıb, minarələri daxildən sökülüb, tavanı bir neçə yerdən uçurulub, dizayn və yazıları bilərəkdən yararsız, tanınmaz vəziyyətə salınıb. Ağdam şəhəri işğal olunduqdan sonra Pənahəli xanın buradakı sarayı, İbrahimxəlil xanın türbəsi və digər abidələr də erməni vandalları tərəfindən dağıdıb.
2020-ci il noyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad olunmuş Ağdam şəhərinə səfər etdi. Prezident Ağdam şəhərində Azərbaycan bayrağını qaldırdı. Prezident İlham Əliyev o zaman demişdir: “Bu gün tarixi bir gündür. Biz şanlı Qələbəmizi qeyd edirik. Dağılmış Ağdam şəhəri erməni vəhşiliyinin şahididir. Biz Ağdam şəhərini bərpa edəcəyik, bütün kəndləri bərpa edəcəyik. Heç kimdə bu haqda şübhə olmasın. Bu, böyük iş olacaqdır.” Qarbağda qələbəmizin ilk günlərindən baş-lamış bərpa prosesinin ilk irimiqyaslı layihəsinə - Ağdamın bərpasının baş planının icrasına start verilib. Prezident İlham Əliyevin iştirakı ilə rayonun özündə, erməni vandallarının tarmar etdiyi şəhərdə bu möhtəşəm layihənin layiqli təqdimatı keçirildi.
Ağdama həyat yenidən qayıdır. Əsl sahibinə qovuşmuş Ağdamda böyük quruculuq, təmir-bərpa işləri həyata keçirilir. Baş plana əsasən Ağdam şəhərinin ərazisi 1750 hektar, şəhərətrafı bağlar 2450 hektar olacaq. Burada ağıllı və dayanıqlı sosial infrastruktur yaradılacaq. Ağdam şəhərində həm fərdi evlər, həm də yüksəkmərtəbəli yaşayış binaları inşa olunacaq. Əhalinin 30 faiz fərdi evlərdə yaşayacaq. Yüksəkmərtəbəli binalar isə Ağdam şəhərinin ərazisinin 30 faizini, əhalinin 70 faizini əhatə edəcək. Hazırda 5 kvartaldan ibarət yaşayış massivinin tikintisinə başlanılması üçün hazırlıq işləri görülür. Ağdam Sənaye Parkının inşasına start verilib, böyük infrastruktur layihələri həyata keçirilir, tarixi, mədəni abidələr bərpa olunur.
Ölkə başçısının qətiyyəti, cəsarəti, Ordumuzun rəşadəti, milli birliyimiz sayəsində işğaldan azad edilən, erməni vandallarının daşı-daş üstündə qoymadıqları şəhər, rayon, qəsəbə və kəndlərimiz yenidən bərpa edilərək dünyanın ən gözəl məkanlarına çevriləcək. Azərbaycanın dövlətçilik tarixinə şərəflə yazılan hərbi, siyasi, diplomatik qələbələrimizdən sonra bütün işğaldan azad olunmuş ərazilərimizə həyat yenidən qayıdır.
Pərvin Kərimzadə,
Milli Məclisin deputatı