Newscenter.az.22.11.2021. “Hazırda ölkə ərazisində fəaliyyət göstərən 117 məhkəmənin 77-də, başqa sözlə, üçdə ikisində elektron məhkəmə sistemi tətbiq olunur və onun artıq gələn ildə bütün məhkəmələri əhatə etməsi nəzərdə tutulur”.
“Report” xəbər verir ki, bu fikirlər ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri I dərəcəli dövlət ədliyyə müşaviri Fikrət Məmmədovun AZƏRTAC-dakı məqaləsində yer alıb.
“Qanunvericiliyə edilmiş, o cümlədən ötən ay qüvvəyə minmiş dəyişikliklər məhkəmə fəaliyyətinin təkmilləşdirilməsinə, o cümlədən süründürməçiliyin aradan qaldırılmasına, işlərə çevik və vaxtında baxılmasına şərait yaradıb. Həmçinin bu dəyişiklər məhkəmələr tərəfindən “Elektron məhkəmə” informasiya sisteminin tətbiqini daha da genişləndirib. Məhkəmə icraatının video-konfrans əlaqə sistemi vasitəsilə həyata keçirilməsi imkanının yaradılması şəffaflığın əlavə təminatı olmaqla, pandemiya şəraitində xüsusi əhəmiyyət kəsb edib”, - F.Məmmədov qeyd edib.
Eyni zamanda, məhkəmə rüsumlarının dərəcələrinin diferensial şəkildə müəyyən edilməsi ilə əlaqədar rüsumların dəqiq və avtomatik hesablanmasına imkan verən onlayn kalkulyator, eləcə də xüsusi metodiki vəsait hazırlanaraq məhkəmələrin vahid portalında, Ədliyyə Nazirliyi və Ali Məhkəmənin elektron resurslarında yerləşdirilib:
“Məhkəmə fəaliyyətində şəffaflığın təmini məqsədilə bütün məhkəmə qərarlarının elektron dərc olunması təmin edilir və bu zaman şəxsi həyat sirrinin qorunması üçün xüsusi proqramla onlar anonimləşdirilir. Həmin qərarlar üzrə elektron axtarış sisteminin yaradılması hər kəsin məhkəmə təcrübəsi barədə məlumatlılığını artırır və sistem xarakterli nöqsanların müəyyənləşdirilməsində mühüm rol oynayır.
Eyni zamanda, şəffaflığın əlavə təminatı kimi işlərin hakimlər arasında bölüşdürülməsi elektron sistem üzərindən həyata keçirilir və onun daimi monitorinqi aparılır”.