Newscenter.az.22.11.2021. Beynəlxalq əlilliyi olan şəxslər günündə Kekalove Adaptive tərəfindən əlilliyi olan modellərlə birgə fashion şou keçiriləcək.
Newscenter.az-a daxil olan xəbərə görə, Kekalove Adaptive startapının təşkilatçılığı, Fransa və Almaniya səfirliklərinin dəstəyi və Hyatt Regency otelinin ev sahibliyi ilə artıq ikinci dəfədir ki, əlilliyi olan şəxslər tərəfindən adaptiv geyimlərin təqdimatı baş tutacaq. Tədbirin məqsədi əlilliyi olan şəxslərin ehtiyaclarını nəzərə alan xüsusi geyim dizyanlarını - adaptiv geyimləri nümayiş etdirməkdir. Şou Kekalove Adaptive və KekaMaps.com tərəfindən birgə keçirilən İnklüziya Fesitvalının bir hissəsi kimi təşkil olunur.
Tədbirdə Almaniya, Fransa, İngiltərə və ABŞ-ın Azərbaycandakı səfirləri fəxri qonaq qismində iştirak edəcəklər.
Qeyd edək ki, Kekalove Adaptive 2019-cu ildən fəaliyyət göstərir. Sosial biznesin məqsədi əlilliyi olan şəxslər üçün rahat və dəbli geyimlər hazırlamaqdır. Kekalove Adaptive Creative Spark Big İdea biznes müsabiqəsinin və Start.up! Germany Tour müsabiqəsinin qalibi və 2020-ci il Yunus&Youth sosial biznes akseleratorunun məzunudur. Bu fashion şou startapın bu qəbildən sayca ikinci tədbiridir.
Tədbir Almaniya səfirliyi, Fransa səfirliyi, Azərbaycan Fransız İnstitutu, Ottobock şirkəti, Hyatt Regency oteli, Beynəlxalq Təhsil üzrə Amerika Şurası, Almaniya-Azərbaycan Xarici Ticarət Palatası, DanceAbility Azerbaijan İnklüziv Performans Şirkəti, VarYox, Joy Uşaq İnkişaf Mərkəzi, Seni brendi, Meysari şərabları, Greenwich Tavern, Cup Catch kafesi və Azerbaijan Fashion Week-in dəstəyi ilə həyata keçirilir.
Sevinc