Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Moderator yenə Putindir



Newscenter.az.22.11.2021.
Uzun fasilədən sonra dekabrın 15-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan liderləri bir araya gələcək. Azərbaycan və Ermənistan liderlərinin gec-tez görüşəcəyi bəlli idi. Xüsusilə noyabrın 16-da Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Kəlbəcər və Laçın rayonları sahəsində ölkəmizə qarşı genişmiqyaslı təxribat törətməsi və bir müddətdir Zəngəzur dəhlizi ətrafındakı müəmma bu görüşü vacib edirdi. Gözlənildiyi kimi, görüşün dekabrın 15-də Brüsseldə Şərq Tərəfdaşlığı Sammiti çərçivəsində baş tutacağı açıqlandı. İndiki halda görüşlə bağlı iki maraqlı məqam var:

1. Görüşün Moskvada və ya Soçidə deyil, Brüsseldə keçirilməsi;
2. Görüşün Rusiya Prezidenti Vladimir Putin deyil, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə keçirilməsi;

Prinsip etibarilə Şarl Mişel vasitəçi ola bilər, lakin moderator yenə də Putindir. Əvvəla, ona görə ki, Putin yaxşı başa düşür ki, görüşün Brüsseldə keçirilməsini Prezident İlham Əliyevdən çox Paşinyan istəyir. Aydın məsələdir ki, Paşinyan prosesin əvvəlindən Aİ-nin sərhədin demarkasiya-delimitasiya prosesində vasitəçi olmasını, bu yolla bölgədəki güc balansını dəyişməyi istəyir. Putin onu da yaxşı bilir ki, Kremlin prosesdəki dominantlığı gec-tez həm Aİ-nin narazılığına səbəb olacaq, həm də Paşinyana daxildəki antirusiya qüvvələrini artırmağa kömək edəcək. Görünür, Putin Paşinyanın Brüsselin vasitəçiliyi ilə gerçəkləşəcək danışıqlarda ortaya qoyacağı mövqedən narahatdır. Təsadüfi deyil ki, Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan liderlərinin dekabrın 15-də görüşəcəyi xəbəri yayıldıqdan sonra Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.

Kremlin mətbuat xidmətindən yayımlanan məlumatda bildirilib ki, Putin və Paşinyan 2020-ci ilin 10 noyabr və 2021-ci ilin 11 yanvar tarixlərində imzalanmış üçtərəfli bəyanatların yerinə yetirilməsi kontekstində regiondakı vəziyyətin və onun sabitləşdirilməsi üçün görülən tədbirlərin müzakirəsini davam etdiriblər. Görünür Putin Paşinyanla telefon danışığı zamanı ümumi mövzular ətrafında Paşinyanın mövqeyini müəyyənləşdirməyə çalışıb. Ehtimal ki, kreml rəhbəri buna naildə olub. Azərbaycana gədikdə isə rəsmi Bakı üçün görüşün Moskvada, Soçidə, yoxsa Brusseldə keçirilməsinin ya da vasitəçinin kim olmasının fərqi yoxdur. Rəsmi Bakı üçün maraqlı olan tək şey sərhədlərin demarkasiya-delimitasiya prosesinin yekunlaşması, Zəngəzur dəhlizinin açılmasıdır. Yəni 10 noyabr bəyanatının qeyd-şərtsiz icra edilməsidir.

Düşünürəm, Putinin dekabrın 15-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan liderləri bir araya gəlməsinə göz yumasının 2 səbəbi var:

Birincisi, Putin bu yolla başda Ermənistan olmaqla, Aİ-na göstərmək istəyir ki, Kreml istənilən kənar gücün tərəflər arasında vasitəçilik etməsinə, mövcud problemi həll etməsinə verəcəyi töhfələrə razıdır. Təbii ki, bunu bacara bilsələr. Reallıq ondan ibarətdir ki, Kreml vasitəçiliyi olmadan indiki halda Aİ çətin ki, Ermənistan və Azərbaycan arasında gərginliyi həll edə bilsin. Çünki Kremlin prosesə yanaşması, Zəngəzur dəhlizi ilə bağlı təklifləri Bakı üçün məqbuldur. Brusselin edəcəyi təklif isə çox güman ki, 27 il ərzində ATƏT-in Minsk Qrupunun təkliflərindən fərqlənməyəcək. Bu mənada deyə bilərəm dekabrın 15-də Brusseldə keçiriləcək görüşdə Bakı və İrəvanın bu və ya başqa formada ortaq məxrəcə gələcəyini düşünmürəm.

İkincisi, bu görüşün Brusseldə keçirilməsi həm də Putinə Ermənistandakı qərbpərəstlərin gücünü azaltmaq baxımından vacibdir. Çünki dekabrın 15-də Brüsseldə keçiriləcək görüş nəticəsiz olsa və bu görüş sonrası Kreml yenidən 3 tərəfli görüş keçirib nəyəsə nail olsa bu həm Aİ nüfuzuna zərbə vuracaq, həm də Kreml faktorunun əhəmiyyətini artıracaq. Bu mənada deyə bilərik ki, Brusseldə baş tutacaq və ehtimal ki, uğursuzluqla nəticələnən görüş sonrası 2022-ci ilin ilk həftələrində Putinin təşəbbüsü və Prezident İlham Əliyev Paşinyanın razılığı ilə Soçidə və ya Moskvada görüş keçirəcək. Ehtimal ki, elə həmin görüşdə də Zəngəzur dəhlizinin açılmasını özündə ehtiva edən yeni bəyanat imzalanacaq.

Turan Rzayev-"Atlas" Araşdırmalar Mərkəzinin siyasi eksperti
Xəbəri paylaş