Newscenter.az.22.11.2021. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə (RİNN) məxsus "Nəqliyyat Təlim-Tədris Mərkəzi" MMC-nin yeni təlim otaqlarının açılış mərasimi keçirilib.
Bu barədə Newscenter.az-a Nazirlikdən məlumat verilib.
Təlim otaqlarını Almaniya Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyinin maliyyələşdirdiyi Cənubi Qafqazda Özəl Sektorun İnkişafı və Texniki Peşə Təhsili və Təlimi proqramı çərçivəsində Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) kompüter və video avadanlıqlarla təchiz edib.
Tədbirdə RİNN-nin, Almaniyanın Azərbaycandakı Səfirliyinin nümayəndələri, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin Azərbaycandakı layihə rəhbəri və qonaqlar iştirak ediblər.
Almaniya səfirliyinin nümayəndəsi tədbir iştirakçılarına ölkəsinin logistika sahəsində Azərbaycana dəstəyi barədə məlumat verib. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) rəisinin vəzifələrini icra edən Anar Rzayev isə nəqliyyat və logistika sahəsində islahatlar, mərkəzin islahatlarda rolu, özəl sektorla tərəfdaşlıq imkanları və gələcək planlar haqqında danışıb.
"Nəqliyyat Təlim-Tədris Mərkəzi"ndə tələbələrə sürücülük, iş və istirahət rejiminin xüsusiyyətləri, habelə avtomobil nəqliyyatı ilə yüklərin daşınmasını tənzimləyən normativ hüquqi aktlar üzrə təlimlər keçiriləcək. Bu təlimlər logistika və nəqliyyat sahəsində müəssisələrin əməkdaşlarına təcrübə keçmək, iş yerində öyrənmək, rəqabətədavamlı olmaqda kömək edəcək. Nəqliyyat xidmətləri təqdim edən mərkəzin təhsilə əlçatanlığı artırmaq üçün Gəncə, Şirvan, Lənkəran və Biləsuvarda regional filialları fəaliyyət göstərir.
Özəl Sektorun İnkişafı və Texniki Peşə Təhsili və Təlimi layihəsi Almaniya Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyi tərəfindən maliyyələşdirilir və 2017 – 2023-cü illəri əhatə edir.
Azərbaycanda proqramın əsas məqsədi tələbələrin ikili peşə təhsilinə cəlb olunması, yeni peşə təhsili ixtisaslarının yaradılması, ixtisasartırma, peşə təhsilində müəllim və təlimçi kollektivinin potensialının gücləndirilməsi prosesinə özəl sektorun cəlb olunmasından ibarətdir. Həmçinin Nəqliyyat Təlim və Tədris Mərkəzində olduğu kimi, təlim məktəblərini müvafiq avadanlıqlarla təchiz edərək məşğulluğa və peşə təhsilinin davamlı inkişafına töhfə verməkdir.
Həm beynəlxalq, həm də ölkədaxili daşımalar sahəsində peşəkar sürücü kadrlarının azlığı daşımaların təhlükəsizliyi və sahənin rəqabətqabiliyyətliyi ilə bağlı problemlərə səbəb olur. Bu istiqamətdə olan çatışmazlıqların aradan qaldırılması üçün RİNN-nin təşəbbüsü ilə “100 yeni sürücü” layihəsi həyata keçirilir. Layihənin əsas hədəfi beynəlxalq standartlara əsaslanan təcrübənin əldə edilməsi və peşəkarlıq səriştəsi yüksək olan sürücülərin sayının artırılmasıdır. Təlimlərin sponsoru "Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyası" (ABADA) İctimai Birliyidir.
Növbəti mərhələdə bu sahədə dövlət-özəl tərəfdaşlığı əsasında özəl sektorun rolunu genişləndirmək, eləcə də ölkəmizdə peşə təhsili və təliminin inkişafına töhfə vermək məqsədilə beynəlxalq mütəxəssislər tərəfindən peşəkar təlimçilərin hazırlanması planlaşdırılır. Artıq bu spesifik istiqamət üzrə müvafiq biliklərə və böyük təcrübəyə malik olan Türkiyə qurumları ilə əməkdaşlıq yaradılıb. Yaxın gələcəkdə türkiyəli mütəxəssislər tərəfindən hazırlanacaq təlimçilərin avtomobil nəqliyyatı ilə həm ölkədaxili, həm də beynəlxalq yük və sərnişin daşımalarında iştirak edən sürücülərə müxtəlif istiqamətlər üzrə təlim keçəcəkləri nəzərdə tutulub. Tədris və biliyin qiymətləndirilməsi otaqlarda, eləcə də kommunikasiya texnologiyalarının tətbiqilə distant formada təşkil ediləcək.
Tədbirin sonunda "Nəqliyyat Təlim-Tədris Mərkəzi" iştirakçılar üçün bələdçi turu təşkil edib, iştirakçılar otaqlarla yaxından tanış olublar.
Sevinc