Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“Azərişıq” Kəlbəcərdəki hərbi hissələri elektrik enerjisi ilə təmin edib-VIDEO



Newscenter.az.23.11.2021. "Azərişıq" ASC Kəlbəcər rayonunun elektrik enerjisi ilə təchizatını dayanıqlı və keyfiyyətli etmək üçün işləri davam etdirir. Son bir ayda görülmüş işlər çərçivəsində hərbi hissələr elektrik enerjisi ilə təmin olunub.

Bu barədə qurumdan bildirilib.

Məlumata görə, qısa zamanda rayonun Vəng, Bağlıpəyə, Qamışlı, Çaykənd və Qılınclı kəndləri ərazisində ümumlikdə 8 ədəd Kopmlekt Transformator Məntəqələri quraşdırılaraq hərbi hissələrin və taborların elektrik enerjisi ilə təchizatı başa çatdırılıb.

Ümumlikdə elektrik enerjisi təminatı başa çatdırılmış hərbi hissələr üçün 6,2 kilometr 10 kV-luq, 2500 metdən çox 0,4 kV-luq kabel elektrik veriliş xətti, 1,5 kilometerdən artıq 10 kV-luq hava elektrik veriliş xətti çəkilib. Görülən işlərin davamı olaraq 110/35/10 kV-luq “Kəlbəcər” yarımstansiyasından Vəng, Bağlıpəyə kəndləri istiqamətində 10 kV-luq hava elektrik veriliş xətti bərpa olunub. “Kəlbəcər” yarımstansiyası-Zülfüqarlı kəndi arası 18 km 10 kV-luq hava elektrik veriliş xətti bərpa edilib.

Həmçinin, Yanşaq və Çopurlu kəndləri arasında 35 kV-luq hava xətinin bərpasına başlanılıb. Həmçinin “Kəlbəcər” yarımstansiyası -“İstisu” qəsəbəsi arası 3 km məsafədə hava xəttində yayrarsız vəziyyətdə olan naqillər yenisi ilə əvəz olunub, yeni dayaqlar quraşdırılıb. İstisu-Alagöllər arası 37 kilometr 35 kV-luq hava kabel xəttinin bərpası üçün dayaqların quraşdırılması işləri davam etdirilir.

Kəlbəcərdə, xüsusilə rayonun yüksəklik ərazilərində kəskin hava şəraitinin davam etməsi “Azərişıq” ASC əməkdaşlarına ciddi çətinlik yaratsa da, bütün işlər vaxtında, plana uyğun yerinə yetirilir. Kəlbəcərin fasiləsiz, dayanıqlı və keyfiyyətli elektrik enerji ilə təchizatı üçün üçün bütün tapşırıqlar uğurla icra olunur.

Xəbəri paylaş