Newscenter.az.24.11.2021. Türkiyədəki proseslər, hər şeydən əvvəl, qlobal mübarizənin ayrılmaz hissəsidir. Türkiyə lirəsinin çöküşü böyüyən və güclənən, həm daxildə, həm də xaricdə "öz göbəyini özü kəsən" Türkiyəni Anadolu yaylasına köləcəsinə qaytarmaq və onun kənar buyruqları acizliklə yerinə yetirməsini istəyən Qərbin bütün rıçaqlarını işə salmasının nəticəsində baş verir. Vaxtı ilə Şərqin hesabına inkişaf edən Qərb bugün Şərqin müstəqil siyasi fiqura, mərkəzə çevrilməsini istəmir; o, şərq ölkələrinin boyunduruq altında qalmasında maraqlıdır. Misiri ordunun əli ilə, İranı beynəlxalq blokada ilə, Hindistanı qonşuları ilə, Çini hələ tam müəyyənləşdirə bilmədiyi mübarizə formatı ilə nəzarət və "de-aktiv" vəziyyətdə saxlamağa çalışır... Qardaş Türkiyə cənab Ərdoğanın dövründə siyasi baxımdan tam, iqtisadi cəhətdən isə qismən müstəqil ola bilmişdir, odur ki onu da ram etmək Qərbin müstəmləkə zehniyyətli dairələrinin marağındadır...
Qərbdə yaxşı bilirlər ki, Şərq ölkələrində stabillik və inkişaf sistemlə deyil, fərdlərin avtoritetliyi və nüfuzu ilə şərtlənir. "Osmanlını dağıtmaq üçün ordunu məğlub etmə, Sultanı öldür" müddəasında öz əksini tapmış Makiavelli məntiqidir bu! Məhz bu səbəbdən Lenin çarı güllələtməklə Rusiyanı, Mustafa Kamal da Osmanlı xanədanını sürgünə göndərməklə Türkiyəni istədiyi kimi dəyişdirməyi və formalaşdırmağı bacarmışdı. Çar və Sultan Şərq Rusiyası və Türkiyəsində mövcud konyunkturanın "arxe"si idilər...
Şərqdə stabillik və sabitliyi, uzun tarixi təcrübədən də göründüyü kimi, sistem deyil, sistemin başında duran fərd təmin edir. Nə vaxt ki Şərqdə, o cümlədən bizdə hakimiyyət boşluğu və zəifliyi özünü göstərir, ölkə ya nə isə itirir, ya da böyük qüvvələrə "nədə isə" güzəştə gedir, "nədə isə" imtiyaz tanıyır. Bu vəziyyəti "zəiflət, hərc-mərclik çıxart, çəkişməni gücləndir, daha sonra istədiyini "qopart" sözləri ilə xülasə etmək mümkündür...
Heç kimə sirr deyil ki, Türkiyədəki son 20 ilin keyfiyyət dəyişiklikləri cənab Ərdoğanın şəxsiyyəti, xarizmatik nüfuzu ilə birbaşa əlaqəlidir. Bu avtoritetlik xalqı AK partiyadan daha ziyadə Ərdoğana səs verməyə təşviq edən qüvvə rolunu oynamışdır. Türkiyənin daxildə və xaricdə müstəqil siyasət yürütməsini təmin edən faktorlar arasında, heç şübhəsiz, cənab Ərdoğanın şəxsi xarakter və özünəməxsus kimliyi böyük ölçüdə paya sahibdir...
Bayden hökumətinin xarici siyasətdə prioritetlərindən biri "azmış oğulu evə qaytarmaq"dan ibarətdir. O özü də bunu seçki qabağı kampaniyada açıq şəkildə dilə gətirmişdir. Bu baxımdan Türkiyədəki son hadisələrin əhəmiyyətli dərəcədə kənardan idarə olunması heç kəsdə şübhə doğurmur...
Qardaş Türkiyənin güclü olmağı, ayaqda qalmağı hökumətlərdən daha çox dövləti idarə edənlərin şəxsi keyfiyyət və nüfuzları ilə şərtləndiyindən cənab Ərdoğanın tarixin bu mərhələsində kənar təsirlərlə hakimiyyətdən uzaqlaşdırılması nə bizə, nə də Türkiyənin özünə yaxşı heç nə vəd etmir...
Bizə yaxşı heç nə vəd etmir, çünki Qərbin dəstək verdiyi Türkiyə müxalifətinin bizə haqq mübarizəmizdə lazımi dəstəyi verəcəyi kifayət qədər şübhəlidir. Cənab Ərdoğan və komandası qədər bizə 44 gün ərzində dəstək verən kimsə olmadı. Cənab Ərdoğan və komandası açıq şəkildə bizə sahədə və diplomatiyada dəstək verəcəklərini bəyan edirdilər. Şuşa Bəyannaməsi müharibədən sonra bu dəstəyin kəsilməzliyinin göstəricisi idi.
Türkiyənin özünə yaxşı şey bəxş etmir. Türkiyəni regionda söz sahibi edən ordunun silahla təchizat sarıdan kənardan asılılığını azaldan layihələri davam etdirməyi, ölkənin inkişafını istəməyən xarici qüvvələrlə mübarizəni ölkə hüdudlarından çölə çəkməyi məqsəd güdən "baza əsaslı genişlənmə" və "bufer zona - qurşaq yaratma" siyasi xəttinə sadiq qalmağı cənab Ərdoğandan sonra hakimiyyətə gələcək müxalifət öz prioritetlərindən hesab edəcəkmi? Heç sanmıram... İpin kimin əlindədirsə, teatr ssenarisini də o yazacaq...
Türkiyə Rusiya, İran və Çinlə yanaşı, Qərbə qarşı "müstəqil mərkəz olmaq mübarizəsi"nin aktyorlarından biridir. Türkiyənin bu mübarizədə məğlub olmağı, xüsusən Müsəlman şərqinin hələ çox illər Qərbdən asılılığının davam edəcəyini göstərən hadisə olacaqdır.
Allah qardaş Türkiyəmizi, Cənab Ərdoğanı qorusun, Cənab Ərdoğanın Azərbaycanımıza verdiyi dəstəyi görməyib, onun yıxılmağına alqış tutan qərbpərəstlərə, camaatçılara, din düşmənlərinə fürsət verməsin!
Elvusal Məmmədov
AMEA, Z.M. Bünyadov adına Şərqşünaslıq İnstitutunun elmi işçisi, Fəlsəfə üzrə fəlsəfə doktoru