Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Fransada erməni vandalizmini əks etdirən “Qara bağ” adlı fotosərgi açılıb



Newscenter.az.25.11.2021. Fransanın paytaxtı Parisdə Qarabağa həsr edilmiş foto sərginin açılışı olub.

“Report”un Fransa bürosu xəbər verir ki, “Qara bağ” adlanan sərgi Azərbaycan Respublikasının Fransadakı səfirliyi, Diaspor ilə İş Dövlət Komitəsi və Fransa-Azərbaycan Dialoqu Assosiasiyasının birgə təşkilatçılığı ilə səfirliyin Mədəniyyət Mərkəzində baş tutub.

Azərbaycanın işğaldan azad olunmuş torpaqlarına həsr edilmiş sərgidə nümayiş olunan fotoların müəllifi azərbaycanlı fotoqraf Maya Bağırovadır. Sərginin açılışında xeyli fransalı foto həvəskarı, incəsənət xadimləri və digər şəxslər iştirak ediblər.

Sərgidə nümayiş olunan fotolarda 30 ilə yaxın işğalı altında olmuş şəhər və kəndlərimizdə yaşayış binalarının, şəxsi evlərin, muzeylərin, tarixi, dini və mədəniyyət abidələrinin erməni işğalçıları tərəfindən tamamilə darmadağın edildiyi əks olunub. Fotolarında daha çox ağ-qara rənglərə üstünlük verən M.Bağırova sərgisində yerli ictimaiyyətə erməni vandallarının törətdiyi vəhşilikləri əyani olaraq nümayiş etdirib.

Fotosərgidə müəllifin torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsinə həsr edilmiş və “27 sentyabr - Anım Günü”ndə işıq üzü görmüş Ağdam, Füzuli, Cəbrayıl və Zəngilanda erməni vandalizmini əks etdirən fotolarından ibarət broşür yerli ictimaiyyətin nümayəndələrinə təqdim edilib.

Sərgi iştirakçıların böyük marağı ilə qarşılanıb.
Xəbəri paylaş