Newscenter.az.26.11.2021. Çinlə Hindistan arasındakı qarşıdurma yalnız dağlıq ərazilərdəki sərhədi əhatə etmir. İki ölkənin iqtisadiyyatları və fond birjaları arasında da rəqabət artıb. Aydındır ki, güclü iqtisadiyyata malik olan Çinin fond birajalarında səhmlər yüksək qiymətə satılır. Ancaq pandemiya ilə mübarizə aparan Hindistanın fond birjaları da qonşusuyla rəqabətdə geri qalmamağa çalışırlar.
Hindistanın fond birjalarında səhmlərin qiymətləri yüksəldikcə investorların Çindən Hindistana axını güclənib. Əhalisi sürətlə artan Hindistan ümumi daxili məhsulun miqyasına görə dünyanın altıncı sırasında qərar tutub. Hindistan 2020-ci ildə 9 trilyon dollar civarında məhsul istehsal edib. Bura xidmət sahəsi də aiddir. Çin üçün bu göstərici 24 trilyon, ABŞ üçün 21 trilyon, Avropa İttifaqı üçün isə bu 19-5 trilyon dollar olub. Hindistan ildən ilə rəqiblərinə çatmağa çalışır. Beynəlxalq araşdırmalara görə, Hindistan iqtisadiyyatı yaxın 4 ildə 60 faiz artacaq. İnvestorları Hindistanda fəaliyyət göstərməyə ucuz işçi qüvvəsi də cəlb edir. Yaxın illərdə Hindistan əhalisinin 65 faizini 35 yaşındakı gənclər təşkil edəcək ki, bu da böyük işçi qüvvəsi deməkdir. Hindistanda işsizlik 6.5 faiz civarındadır. ABŞ və Avropa İttifaqında bu göstərici daha yüksəkdir. Hindistan illik 4 faizlik inflyasiya iqtisadi inkişafa əngəl deyil.
Çin müxtəlif ölkələri böyük regional layihələrlə cəlb etməyə çalışır. Hindistanın bu sahədə Çinlə hələ ki, rəqabət aparmaq gücü yoxdur. Ancaq Çinin irəli sürdüyü böyük layihələr qazanc gətirməklə yanaşı özündə siyasi risqləri də ehtiva edir. Misal üçün Çinin Qazaxıstanda müxtəlif layihə və yatırımları var. Ancaq son aylarda Çinin Qazaxıstanla idxal-ixrac əməliyyatlarını məhdudlaşdırması Astana üçün ciddi problemlər yaradıb. Maraqlıdır ki, Çin Qazaxıstan üzərindən digər ölkələrlə idxal-ixrac əməliyyatları həyata keçirir, ancaq Qazaxıstana aid məhsullara aylarla “stop” qoyub. Qazaxıstan rəsmilərinin “axı Çinlə Şanxay Əməkdaşlıq Təşkilatının da üzvləriyik” yanaşmasına da Pekindən aydın cavab verilməyib. Belə çıxıb ki, illərlə Qazaxıstana yatırım qoyan, ortaq layihələr reallaşdıran Çin qəfil Astananı hansısa addımına görə cəzalandırmaq qərarına gəlib. Ekspertlərin fikrincə, bu Astananın Pekinin bütün tələblərini yerinə yetirməməsiylə bağlıdır. Bundan başqa Qazaxıstan Çində işkəncəyə məruz qalan uyğurlara sığınacaq verir ki, bu da rəsmi Pekini narahat edir.
Bu arada, Avropada da Çinin iqtisadi layihələrindən ehtiyat etməyə başlayıblar. Avropa İttifaqı Çinlə mübarizə məqsədilə strategiya hazırlayıb. Strategiyada Brüsselin Pekinin “bir kəmər, bir yol” iqtisadi təşəbbüsünə qarşı alternativ təşəbbüslərin həyata keçirilməsi planları yer alıb. Brüssel də görür ki, Pekin öz layihələri, yatırımları, o cümlədən “bir kəmər, bir yol” iqtisadi təşəbbüsü vasitəsilə müxtəlif ölkələrdə söz sahibi olmağa çalışır. Bunun qarşılığında Avropa İttifaqının yeni strategiyasında dünyanın müxtəlif yerlərində ticarət, nəqliyyat, rəqəmsal texnologiyalar və enerji sahələrində layihələrə investisiyalar nəzərdə tutulub. Bu məqsədlə 91 milyard dolların ayrılması planlaşdırılıb.
Elxan Şahinoğlu-“Atlas” Araşdırmalar Mərkəzinin sədri