Newscenter.az.26.11.2021. Vətən müharibəsindəki şanlı Zəfər, Qarabağın inkişafı, Böyük Qayıdış planının icrası, Zəngəzur dəhlizinin açılması istiqamətində atılan addımlar müstəqil dövlətçilik tariximizin ən şərəfli səhifəsi olmaqla yanaşı ölkəmizin dünyadakı nüfuzunu, siyasi və iqtisadi çəkisini daha da artırdı.
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun işğalçını sülhə məcbur etmək məqsədilə qətiyyətli əks-hücum əməliyyatlarının gedişində qazandığı möhtəşəm Qələbə dünya hərb tarixində öz dəst-xəti ilə seçildi. Ən başlıcası, müstəqil dövlətimiz Birləşmiş Millətlər Təşkilatının erməni silahlı birləşmələrinin işğal olunmuş torpaqlarımızdan qeyd-şərtsiz çıxarılmasını tələb edən, lakin ikili standartlar üzündən illər ərzində kağız üzərində qalan qətnamələrinin icrasını özü təmin etdi.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Pərvin Kərimzadə deyib.
O qeyd edib ki, hər günü, hər anı xalqımız üçün şərəf və qürur mənbəyi olan Zəfər tariximizdə Ağdam rayonundan sonra Qarabağın qala qapısı sayılan Kəlbəcərin azad edilməsi hərb meydanında qazandığımız böyük qələbələrin diplomatik yolla davamı, xalq-iqtidar birliyinin dünyaya nümayişi oldu.
Uzun illər erməni işğalı altında olan, Kəlbəcər rayonunun ərazisində yerləşən, Söyüdlü (Zod), Ağduzdağ və Tutxun qızıl yataqları Ermənistan tərəfindən talan edilib. Kəlbəcəri tərk edərkən belə təbii sərvətlərimizi talan edən ermənilər ağacları kəsdilər, evlərə, meşələrə od vurdular, əsl ekoloji terror törətdilər. Dünya birliyi də, beynəlxalq təşkilatlar da, işğalçı Ermənistana havadarlıq edənlər də, bəzi Qərb liderləri də erməni vandallarının ekoloji terroruna, maddi mədəniyyət nümunələrinin dağıdılmasına, dini abidələrin viran qoyulmasına səssiz qaldılar. Uzun illərdir işğal olunmuş ərazilərdə Azərbaycanın təbii sərvətlərinin amansızcasına hasilatı, təbiətinin, endemik nümunələrinin, flora və faunasının məqsədli və sistemli şəkildə məhv edilməsi bu gün yalnız ölkəmizin deyil, bütün dünya dövlətlərinin də diqqət mərkəzində olmalıdır.
“Düşmən tapdağından birdəfəlik azad olan diyarda dərhal genişmiqyaslı tikinti, quruculuq işlərinə start verilməsi isə dədə-baba yurduna qovuşmağın sevinci içərisində olan Kəlbəcər elində daha aydın sabaha inamı birə-min yüksəltdi.
Azərbaycanın Ermənistanla sərhədboyu ən uzun məsafəyə - 136 kilometrlik sərhəd xəttinə malik Kəlbəcərdə üçrəngli bayrağımızın dalğalanması, azadlığından ötən cəmi bir il ərzində müstəsna əhəmiyyətə malik infrastruktur layihələrinin icra olunması çox qısa zamanda kəlbəcərlilərin doğma yurdlarında yeni həyata başlayacaqlarından xəbər verir. 2021-ci ilin avqustun 16-da dövlətimizin başçısı və birinci xanım Toğanalı-Kəlbəcər avtomobil yolu üzərində Murovdağda inşa olunacaq tunelin təməlini qoydu. Beləliklə Göygöl və Kəlbəcər rayonlarını yeni yol birləşdirəcək. Daha sonra “Kəlbəcər-1” Kiçik Su Elektrik Yarımstansiyasında görülən işlərlə tanış olan Azərbaycan Prezidenti, 110/35/10 kilovoltluq “Kəlbəcər” yarımstansiyasının açılışını etdi. Səfər çərçivəsində Kəlbəcər-Laçın avtomobil yolu üzərində inşa olunacaq tunelin də təməli qoyuldu. Torpağının altı da, üstü də zəngin xəzinə olan Kəlbəcər ölkə Prezidentinin birbaşa nəzarəti və rəhbərliyi ilə tez bir zamanda Azərbaycan iqtisadiyyatına inteqrasiya edəcək və bölgənin əsas iqtisadi istinadı, gücü olacaq.