Newscenter.az.26.11.2021. 25-26 noyabr 2021-ci tarixində BMT-nin ixtisaslaşmış qurumu olan Beynəlxalq Telekommunikasiya İttifaqı tərəfindən “Startap ekosistemlərinin regional əməkdaşlığı qlobal rəqəmsal liderliyin başlıca faktoru kimi – Mərkəzi Avrasiya Startap Platforması” mövzusunda seminar təşkil olunub.
Newscenter.az xəbər verir ki, seminarın təşkilati tərəfdaşları Özbəkistan Respublikasının İnformasiya Texnologiyaları və Kommunikasiyaların İnkişafı Nazirliyi və İnformasiya Texnologiyaları Parkıdır.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi sədrinin müşaviri Azər Bayramov ölkəmizdə startap ekosisteminin inkişafı ilə bağlı təqdimatla çıxış edib. Azərbaycanda innovasiya ekosisteminin inkişafı ilə bağlı Dövlət Agentliyi tərəfindən görülən işlər iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Seminarda startap ekosisteminin qurulması və inkişafı üzrə region ölkələrinin təcrübələrinin təqdimatı olmuşdur. Həmçinin innovasiya sahəsində təcrübə və bilik mübadiləsi, birgə tədqiqat və araşdırma işlərinin aparılması və ölkələr arasında əməkdaşlığı yaxşılaşdırmaq üçün tematik alyansların yaradılması üzrə təşəbbüslər müzakirə olunub.
Tədbirdə startapların inkişafı və beynəlxalq bazara çıxışı mövzusunda müzakirələr və Mərkəzi Avrasiya Startap Platformasının təqdimatı da yer alıb.
Seminarda BTİ-nə üzv ölkələrin dövlət orqanları, startaplar və texnoloji kiçik və orta biznes subyektləri, vençur investorlar, elm, təhsil və tədqiqat müəssisələri və digər qurumlar təmsil olunub.
Sevinc