Newscenter.az.27.11.2021. Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Soçi şəhərində keçirilən üçtərəfli görüş başa çatdı və görüş sonrası liderlər bəyanatla çıxış etdi. Görüşlə bağlı ilk olaraq onu demək olar ki, gözləntilər daha çox idi və konkret bir bəyanatın imzalanacağı ən yaxşı halda isə bu istiqamətdə bir açıqlamanın olacağı gözlənilirdi. Lakin buna baxmayaraq düşünmürəm ki, görüş bizim üçün nəticəsiz keçdi. Əksinə liderlərin bu görüşünü uğurlu saymaq olar. Xüsusilə görüş zamanı Azərbaycan Prezidenti İlham Əliyevin səsləndirdiyi fikirlər və bu fikirlərin ehtiva etdiyi məna bunu deməyə əsas verir.
Əvvəla, onu qeyd edim ki, görüş zamanı Prezident İlham Əliyev daha təmkinli idi və onun Paşinyana nəzərən sərbəstliyi ilk başdan hiss olunurdu. Digər tərəfdən, Rusiya Prezidenti Vladimir Putin də çıxışı zamanı Paşinyana daha çox xitab edir, Ermənistanı daha çox hədəfə alırdı. Ölkə başçısının çıxışında diqqət çəkən məqamlar çox idi. Misal üçün Prezident İlham Əliyev Azərbaycan Ermənistanla münasibətlərin tənzimlənməsində Rusiyanın səylərini yüksək qiymətləndirdiyini qeyd etdi. Bu ondan xəbər verir ki, rəsmi Bakı indiki etabda Kremlin fəaliyyətindən narazı deyil. Yəni istər sərhədlərin demarkasiya və demitasiyası, istərsə də Zəngəzur dəhlizində Bakı və Kremlin maraqları üst-üstə düşür. Hər halda tam uzlaşdığını da demək doğru olmaz, ancaq son hadisələr bunun belə olduğunu göstərir.
Hesab edirəm üçtərəfli görüşdə rəsmi Bakının mövqeyi həm də Ankaranın mövqeyi idi və prezidentin “Azərbaycan Ermənistanla münasibətlərin tənzimlənməsində Rusiyanın səylərini yüksək qiymətləndirir” deyərək bu prosesdən Ankaranın da razı olduğunu vurğulayırdı. Prinsip etibarilə Ankara Kremlin Cənubi Qafqazdakı davranışından və ya təşkil etdiyi üçtərəfli görüşdən narazı olsa idi, bunu bu günə qədər bildirərdi.
Prezidentin üçtərəfli görüşdə səsləndirdiyi digər diqqət çəkən fikir də Azərbaycanın ötən bir il ərzində müharibənin fəsadlarının aradan qaldırılması və kommunikasiyaların açılması məsələlərində maksimal konstruktivlik nümayiş etdirdiyini, bununla belə hələ yerinə yetirilməmiş məsələlərin qalmasını Putinin diqqətinə çatırması idi. Aydın məsələdir ki, Prezident İlham Əliyev yerinə yetirilməyən məsələlər deyərkən sətiraltı 10 noyabr bəyanatının 9-cu bəndini aktuallaşdırmağa çalışırdı. Söhbət kommunikasiyaların açılması və Azərbaycanın Naxçıvana maneəsiz hərəkətindən gedir. Məsələ ondadır ki, Zəngəzur dəhlizi indiki halda rəsmi Bakı üçün prioritet məsələdir. Bu məsələni ölkə başçısı üçün xüsusi edən digər bir məqam da onun 27 illik danışıqlar prosesinin predmeti olmaması, məhz 10 noyabr bəyanatına öz təşəbbüsü ilə salınmasıdır. İndiki halda bu məsələnin yubanması və bundan doğan fəsadların birbaşa məsuliyyəti Kremlin üzərinə düşür. Prinsip etibarilə ölə başçısının diplomatik üslubda Putinə demək istədiyi də elə məhz bu idi.
Prezidentin 3 tərəfli görüş zamanı həm də Azərbaycan-Rusiya münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıdığını qeyd etdi. İkitərəfli əlaqələrin inkişaf dinamikasını olduqca müsbət adlandıran prezident tərəfləri qarşılıqlı əlaqələrin bütün istiqamətləri üzrə inkişaf səviyyəsinin yüksəldilməsində maraqlı olduğunu qeyd etdi. Prezidentin bu məqamları qeyd etməsi də təsadüfi deyildi. Yəni bu ifadələrin məqsədi Kreml nəzdində müsbət bir Azərbaycan imici yaratmaq deyil, Ermənistanın son zamanlar əleyhimizə Rusiyaya təqdim etdiyi arumentləri cürütmək üçün idi. Məsələ ondadır ki, rəsmi İrəvan hər vəchlə Bakını Kreml nəzdində fərqli göstərməyə çalışır. Rəsmi İrəvan xüsusilə də Azərbaycanın türk təşkilatındakı fəaliyyətini və Türkiyə-Azərbaycan münasibətlərini Bakının Kremldən uzaqlaşması kimi təqdim edir. Bu mənada deyə bilərəm ki, Prezident İlham Əliyev bu sözləri ilə Paşinyanın bu istiqamətdəki arqumentlərini həm də çürütmüş oldu.
Hesab edirəm, ölkə başçısı bununla həm də İrəvandan fəqli olaraq Bakının Kremllə münasibətlərdə daha məqbul tərəfdaş olduğunu qeyd edərək onun vasitəçiliyindən məmnun olduğunu demiş olur.
Məsələ ondadır ki, Ermənistan istər 44 günlük müharibə, istərsə də son sərhəd toqquşmaları fonunda regiona digər qüvvələri cəlb etmək istəyir və bu heç kəsə sirr deyil. Azərbaycan isə Ermənistanda fərqli olaraq regionun problemini ancaq region ölkələri ilə həll etməkdə maraqlıdır. Yəni bu prosesdə Moskvanın iştirakı digər güclərin müdaxiləsindən daha məqbuldur.
Prezident çıxışında ən diqqət çəkən məqam isə onun “Azərbaycanla Rusiya arasında iqtisadiyyat və humanitar sahələrin əksər sferalarını əhatə edən 7 yol xəritəsi icra olunur” deməsi idi. Prezident açıqca qeyd edir ki, Rusiya ilə humanitar sahələrin əksəriyyətində əməkdaşlıq edilir. Buradan belə nəticəyə gəlmək olar ki, Rusiya sülhməralılarının müvəqqəti səlahiyyətində olan Azərbaycan ərazilərində Kremlin apardığı bütün humanitar yardımlar layihlər rəsmi Bakının icazəsi və razılığı ilə aparılır.
Turan Rzayev-siyasi ekspert