Newscenter.az.28.11.2021. İsveçrə hökuməti "omikron" ştamının yayılması fonunda bir sıra ölkələrdən gələnlərə məhdudiyyətlər tətbiq edib.
"Report" xarici mətbuata istinadən xəbər verir ki, Çexiya, Niderland, Misir və Malavidən İsveçrəyə gələn vətəndaşlar mənfi koronavirus testi təqdim etməli olacaqlar. Testdən əlavə, onlar məcburi on günlük karantində qalmalıdırlar.
İsveçrə bu həftə yeni COVID-19 ştamının yayılması səbəbindən Afrikanın cənubundakı bir sıra digər ölkələrdən uçuşları qadağan edib.
Ardıcıl olaraq Honq-Konq, İsrail və Belçikadan da giriş məhdudiyyətləri tətbiq edilib. Yalnız evinə qayıdan isveçrəlilər və ya ölkədə yaşamaq icazəsi olan şəxslər İsveçrəyə gələ biləcəklər.
XXX
Almaniya yeni koronavirus ştamının yayılması ilə əlaqədar Afrikanın səkkiz dövlətini sərt məhdudlaşdırıcı tədbirlərin tətbiq ediləcəyi ərazilər siyahısına daxil edib.
Bu barədə Robert Kox İnstitutu məlumat yayıb.
Belə ki, Cənubi Afrika, Botsvana, Esvatini, Lesoto, Malavi, Mozambik, Namibiya və Zimbabvedən gələn hər kəs iki həftəlik karantinə göndəriləcək. Koronavirus testi mənfi çıxsa belə, karantin müddətini qısaltmaq mümkün olmayacaq.
Aviaşirkətlərə yalnız Almaniya vətəndaşlarını təyyarəyə girişə icazə verilir.
Qeyd edək ki, Almaniyada indiyədək iki "omikron" ştamı aşkar edilib.