Newscenter.az.28.11.2021. Təəccüblü, həm də gülməlidir: Rusiya hərbi kəşfiyyatına bağlı bir narkoman polkovnikin qabağında duruş gətirə bilməyən, tutduğu yüksək dövlət vəzifəsi postuna döyüş postu kimi yanaşaraq onu sonadək qorumaq məsuliyyətini üzərinə götürmək əvəzinə, dabanına tüpürüb aradan çıxanlardan birisi və tərəfdarları düz 1 ildir hakimiyyəti ittiham edirlər ki, niyə 10 noyabrda Rusiya ilə hərbi toqquşma variantı seçilmədi, Putinlə anlaşmaya gedildi?
Tərəfdarları da milçək sürüsü kimi doluşub sosial şəbəkələrə, cəmiyyətə doğru söz deyənləri, fitnəkarlara uymamağa çağıranları ən ağır ifadələrlə təhqir edir, aşağılayırlar ki, niyə onların dediyini demir, niyə onlar kimi düşünmürük... Guya, bunlar hakimiyyətdə olsaymışlar, gedib, Kremlə Azərbaycan bayrağı sancacaqlarmış!
Yaxşı, adamdan soruşmazlarmı ki, hakimiyyətdəydin də, belə cəsarət sahibiydinsə, bütün məsuliyyəti boynuna götürər, Rusiyanın ölkədəki bütün şəbəkəsi ilə də sonadək vuruşardın, daha niyə qaçırdın? Dövlətin üstünə gələni zərərsizləşdirmək həm də ən yüksək post tutanlardan biri kimi sənin vəzifən idi axı...
Hələ iyun hadisələri vaxtı əyninə arvad paltarı geyib aradan çıxanlardan biri var, oturub xaricdə, hamını Rusiyaya satılmaqda suçlayır...
İndi biri qalxıb soruşmazmı ki, 28 ildir Rusiyanın müdafiə etdiyi adi bir məmuru vəzifəsindən uzaqlaşdıra biləcək qədər gücdə və imkanda deyilsənsə, nə hay-həşir salmısan, öz şəxsi maraqların naminə cəmiyyəti niyə yanlış yönə istiqamətləndirirsən, o boyda Rusiyaya qarşı kimlə, nə ilə savaşacaqsan, Alış?
Elxan Şükürlü-politoloq