Newscenter.az.28.11.2021. Noyabrın 26-da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan Soçidə görüşüblər. Görüş nəticəsində üçtərəfli bəyanat qəbul edilib. Bu sənəd 10 noyabr və 11 yanvar bəyanatlarının məntiqi davamı kimi qiymətləndirilir.
Bununla bağlı Sonxeber.az-a danışan deputat Jalə Əhmədova bildirib ki, Qarabağ problemi ətrafında və regionda nizamlanma məsələlərində yaranan vəziyyətin müzakirə edilməsi ilə bağlı Soçidə Azərbaycan, Rusiya və Ermənistan rəhbərləri arasında keçirilmiş üçtərəfli görüşün kifayət qədər səmərəli olub:
"Görüşdə iki dövlət arasında sərhədlərin delimitasiyası və demarkasiyası mexanizmlərini yaratmaq barədə razılığın əldə edilməsi, Cənubi Qafqazda vəziyyətin daha təhlükəsiz olması, həmçinin iqtisadi əlaqələrin inkişafı barədə, ilk öncə isə nəqliyyat dəhlizlərinin - dəmir yolu, avtomobil yollarının açılması məsələləri, mübahisələrin və fikir ayrılıqlarının nizamlanması işində qərarlar qəbul edildi ki, bu da hər iki ölkə üçün mühüm əhəmiyyət daşıyır.
Soçi görüşü nəticəsində Azərbaycan Respublikasının Prezidenti, Rusiya Federasiyasının Prezidenti və Ermənistan Respublikasının Baş naziri bəyanat imzaladılar və bu bəyanatda Azərbaycanın mövqeyini əks etdirən məqamlar tam şəkildə təmin edildi.
Bəyanatda regionun iqtisadi potensialının üzə çıxarılması, o cümlədən dəmir yollarının və avtomobil yollarının açılması ilə əlaqədar layihələrin tezliklə həyata keçirilməsi məqamlarını xüsusi vurğulamaq lazımdır.
Münaqişə sonrası mərhələdə Azərbaycan üçtərəfli bəyanatların tam şəkildə həyata keçirilməsi, bölgədə bütün kommunikasiyaların açılması, iki ölkə arasında sərhədlərin müəyyənləşdirilməsi prosesinin başlanması və münasibətlərin beynəlxalq hüquq prinsiplər əsasında normallaşması mövqeyindən çıxış edib.
Hesab edirəm ki, əldə edilən razılaşmaların hər biri yerinə yetiriləcək və 26 noyabr bəyanatı bütövlükdə Cənubi Qafqazda münasibətlərin normallaşması işində əhəmiyyətli dönüş yaradacaq".