Newscenter.az.28.11.2021. 26 noyabr tarixində Rusiyanın Soçi şəhərində Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin görüşünü birmənalı şəkildə tarixi görüş adlandırmaq olar.
Vətən müharibəsi bitdikdən sonra Ermənistanın tək müxalifətinin deyil, hakim dairələrinin də düçar olduğu revanşizm, Azərbaycana hərbi təzyiq göstərmək və azad edilmiş torpaqları geri qaytarmaq siyasəti iflasa uğradı.
Ermənistan Azərbaycanın ötən ilin noyabr ayından təklif etdiyi mehriban qonşuluq, problemləri diplomatik yolla həll etmək təklifini qəbul etməyə məcbur oldu.
Düzdür, müasir tariximizdə Ermənistanın imza atdığı və ya üzərinə götürdüyü öhdəliklərdən asanlıqla imtina etmək nümunələri kifayət qədər çoxdur. Ancaq, qonşu ölkənin indiki yaşadığı siyasi-iqtisadi böhran onu istəməsə də problemlərin həllinin Azərbaycan variantını qəbul etməyə məcbur edir.
Tərəflər imzaladıqları birgə bəyanatda sərhədlərin demarkasiyası üçün ikitərəfli komissiya yaratmaq, gələn həftə kommunikasiyaların aşılması üçün Moskvada üçtərəli komissiyanın icalsını keçirmək barədə razılığa gəliblər.
Bu o deməkdir ki, Zəngəzur dəhlizi olacaq.
Bu təkcə Azərbaycanın deyil, bütöv bir regionun, o cümlədən Ermənistanın da xeyrinədir. Dəhlizin işə düşməsi ilə Ermənistan özü özünü saldığı izolyasiyadan çıxır, orada yüz minlərlə yeni iş yeri yaradılır, Ermənistan büdcəsinə stabil olaraq hər il yüz milyonlarla ABŞ dolları vəsait daxil olur. Və bu ancaq başlanğıcdır. Azərbaycan və Türkiyə ilə mehriban qonşuluq münasibətləri qurmaqla Ermənistan iqtisadiyyatını dirçəltmək üçün böyük imkanlar əldə edir.
Ermənistan qəbul etməlidir ki, onun gələcəyi Azərbaycan və Türkiyə ilə mehriban qonşuluq siyasətində, qonşu dövlətlərə torpaq iddiasından imtina etməsindədir.
Hesab edirəm ki, Soçi görüşünün nəticələrini möhkəmləndirmək üçün böyük imkanlar vardır. Hətta mehriban qonşuluqla bağlı Ermənistanın ciddi niyyətləri olarsa Azərbaycan və Ermənistan xarici işlər nazirlikləri arasında birbaşa rabitə əlaqəsi yaratmaq, hər iki paytaxtda diplomatik kontakt qrupu yaratmaq, Azərbaycan din xadimlərinin İrəvandakı Göy məcscidə, erməni din xadimlərinin Bakıdakı erməni kilsəsinə səfərlərini təşkil etmək olar.
Bu siyahını daha da böyütmək olar. Bunun üçün ilk növbədə Ermənistan Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşmalı, üçtərəli görüşlərdə öz üzərinə götürdüy öhdəlikləri yerinə yetirməlidir.
Soçi görüşi Azərbaycan Prezidenti cənab İlham Əliyevin siyasi xəttinin növbəti müsbət nəticəsi, diplomatik uğurudur.
Aydın Mirzəzadə-Milli Məclisin deputatı