Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanın növbəti diplomatik uğuru

Azərbaycanın növbəti diplomatik uğuru


Newscenter.az.29.11.2021. Rusiya Prezidenti V.Putinin təşəbbüsü ilə noyabrın 26-da Soçi şəhərində Azərbaycan və Rusiya Prezidentlərinin və Ermənistan Baş nazirinin üçtərəfli görüşü bir sıra məsələlərə son dəfə qəti aydınlıq gətirdi. Əvvəla bu görüşün dekabrın 15-də Brüsseldə Şərq Tərəfdaşlığı sammiti çərçivəsində İlham Əliyevlə Nikol Paşinyan arasında görüşün keçirilməsinə dair razılıq əldə edildikdən sonra keçirilməsi bir daha göstərdi ki, Rusiya Azərbaycanın Ermənistan üzərində qəti qələbəsindən sonra regionumuzda yaranmış reallığın üç tərəfli Azərbaycan-Rusiya-Ermənistan arasında imzalanmış 10 noyabr 2020-ci il sazişindən kənar təftişinə imkan vermək niyyətində deyil.

İkinci, İlham Əliyevlə ikitərəfli görüşdə V. Putinin “Qarabağda sülhməramlılarımız müsbət rol oynayır, atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi də fəal işləyir” ifadəsini işlətməsi Türkiyənin regionda nüfuzunun artmasını Rusiya tərəfindən qəbul edildiyini və nəzərə alındığını Türkiyənin bədxaxlarına, ilk növbədə Ermənistanın və Fransanın nəzərinə çatdırdı.

Üçüncü, hər üç ölkə lideri tərəfindən imzalanan Bəyanatda Qarabağ ifadəsi yer almadı, bununla da Dağlıq Qarabağ münaqişəsinin artıq tarixə qovuşduğu, mövcud olmadığı, bədnam Minsk Qrupunun reanimasiya cəhdlərinin baş tutmayacağı bir daha ermənilərin və onların havadarlarının nəzərinə çatdırıldı.

Dördüncü, qeyd edilən Bəyanatda Azərbaycan-Ermənistan arasında dövlət sərhədinin delimitasiyası, sonradan tərəflərin sorğusu əsasında Rusiyanın məsləhət yardımı ilə demarkasiyası üzrə ikitərəfli komissiya yaradılması barədə razılığın öz əksini tapması ermənilərin sərhəd manipulysiyalarına son qoyulacağını göstərir.

Beşinci, görüşdən sonra keçirilən mətbuat konfransında V. Putinin dəfələrlə "dəhliz" ifadəsini səsləndirməsi Azərbaycanın Ermənistandan keçməklə Naxçıvana və Türkiyəyə çıxış əldə etməsini nəzərdə tutan Zəngəzur dəhlizinin açılmasının Rusiya tərəfindən dəstəkləndiyini bir daha nümayiş etdirdi.

Altıncı, Soçidə keçirilən üç tərəfli görüşdə Paşinyanı başa saldılar ki, Ermənistanın 10 noyabr 2020-ci ildə və 11 yabvar 2021-ci ildə imzalanan sənədləri icra etməkdən başqa yolu yoxdur. Beləliklə, noyabrın 26-da Soçi şəhərində Azərbaycan və Rusiya Prezidentlərinin və Ermənistan Baş nazirinin üçtərəfli görüşünün nəticələrini Azərbaycanımızın növbəti diplomatik uğuru kimi qiymətləndirmək olar! Hər şeydən göründüyü kimi, Azərbaycan öz süveren hüquqlarından geri çəkilmək niyyətində deyil, Vətən Müharibəsində-hərb meydanında- əldə etdiyi möhtəşəm qələbəni siyasi-diplomatik sahədə də davam etdirir və onu uğurlu sonluğa çatdırmaq niyyətindədir! Uğurlar Azərbaycan!

Teyyub Əliyev-Azərbaycan Təkamül Partiyasının sədri
Xəbəri paylaş