Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

DGK ilə Mərkəzi Asiya üzrə Regional İnformasiya və Əlaqələndirmə Mərkəzi arasında əlaqələr genişləndiriləcək



Newscenter.az.29.11.2021. Noyabrın 29-da Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-leytenantı Əsgər Abdullayev ölkəmizdə səfərdə olan Mərkəzi Asiya Regional İnformasiya Əlaqələndirmə Mərkəzinin (CARICC) direktoru Rustam Miralizodanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Newscenter.az DGK-ya istinadən xəbər verir ki, qonaqları səmimi salamlayan Dövlət Gömrük Komitəsi sədrinin müavini Əsgər Abdullayev Prezident İlham Əliyevin rəhbərliyi ilə son illər gömrük sistemində həyata keçirilən islahatların ölkəmizin ixrac potensialının, tranzit imkanlarının artmasına, gömrük sistemində şəffaf mühitin yaradılmasına, gömrük prosedurlarının sadələşdirilməsinə və sürətləndirilməsinə, qaçalmalçılıq və narkotiklərlə mübarizə sahəsində nailiyyətlərin əldə edilməsinə şərait yaratdığını bildirib.

Komitə sədrinin müavini Mərkəzi Asiya Regional İnformasiya Əlaqələndirmə Mərkəzi ilə Azərbaycan Gömrük Xidməti arasında uzunmüddətli səmərəli əməkdaşlıq qurulduğunu, bu əlaqələrin daha da gücləndirilməsinin vacibliyini diqqətə çatdırıb.

Bildirilib ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının transmilli qanunsuz dövriyyəsi ilə əlaqədar mübarizənin əlaqələndirilməsi, səlahiyyətli milli orqanlar arasında məlumat mübadilə sisteminin aparılması, müasir tələblərə uyğun təşkili olduqca əhəmiyyətlidir.

Azərbaycana səfərindən məmnunluğunu ifadə edən Mərkəzi Asiya Regional İnformasiya Əlaqələndirmə Mərkəzinin direktoru Rustam Miralizoda CARICC ilə Azərbaycan Gömrük Xidməti arasında bütün sahələrdə geniş əməkdaşlıq imkanlarının mövcud olduğunu qeyd edib və bu istiqamətdə gömrük əməkdaşlarının potensialının gücləndirilməsinə dəstəyini əsirgəməyəcəyini diqqətə çatdırıb.

Rustam Miralizoda təmsil etdiyi qurumun cari il ərzində narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində əldə etdikləri nailiyyətlərdən də danışıb, bu sahədə beynəlxalq əlaqələrin gücləndirilməsinin xüsusi əhəmiyyətini qeyd edib.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.

Qeyd edək ki, Mərkəzi Asiya Regional İnformasiya-Əlaqələndirmə Mərkəzinin direktoru Rustam Miralizoda Ümumdünya Gömrük Təşkilatının Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Regional ofisində də olub. İşçi görüş zamanı təlim-tədris, potensialın gücləndirilməsi sahəsində qarşılıqlı əlaqələrin genişləndirilməsi, gələcək əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb.

Sevinc
Xəbəri paylaş